24 sentyabr

Paşinyan eks-prezidentləri hədəfə aldı: "Müharibənin günahkarı mən deyiləm” - ŞƏRH

Ermənistanda Baş nazir Nikol Paşinyanla özündən əvvəl dövlətə rəhbərlik etmiş üç prezident – Levon Ter-Petrosyan, Serj Sarqsyan və Robert Köçəryan arasında gərginlik yeni fazaya qədəm qoyub. Baş nazir çıxışında baş verən hadisələrdə haqlı olaraq bu üçlüyün məsuliyyət daşıdığını çılpaqlığı ilə ortaya qoyub.

Hökumət başçısı haqlı olaraq sual verir ki, Alma-Ata Bəyannaməsi qəbul edildikdən və ratifikasiya edildikdən sonra Ermənistan Respublikasının 18 yaşlı əsgərlərini Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirməyə kim və hansı hüquqi aktla icazə verib? Bu isə təcavüz sayılır və Baş nazir haqlı olaraq sələflərinin günahlarını ortaya qoyur.

Düzdür, bu açıqlama sırf daxili auditoriya üçün hesablanıb və seçkilərə görə ortaya atılıb. Çünki 2020-ci il müharibəsində də erməni əsgərini Azərbaycan torpaqlarına göndərən məhz Paşinyan hökuməti idi. Bu səbəbdən Nikolun sələflərini ittiham edərək yaxasını kənara çəkməsi anlaşılandır. Əslində 2020-ci il müharibəsində Levon, Serj, Robert kimi Paşinyan da baş verənlərə görə cavabdeh olmalıdır. Amma hazırda seçki kampaniyası dövründə imicini yüksəltməyə çalışan, xalqa özünü sülhsevər şəxs kimi təqdim etməyə çalışan Nikol məsuliyyəti üç prezidentin üzərinə qoyur.

Maraqlıdır ki, bir neçə il əvvəl Paşinyan çıxışlarında əvvəlcə məsuliyyəti xalqın üzərinə qoyurdu. O, açıqlamasında deyirdi ki, əgər müharibəni dayandırsa, xalq onu satqın adlandıracaq. Bir müddət sonra isə Baş nazir və komandası baş verənlərə görə Rusiyanı günahlandırmağa başladılar. KTMT, Kreml, Putin – erməni siyasətçiləri üçün günahkar idi. Bir sözlə, Paşinyan günahkarları kənarda axtarır, vaxtilə səhv siyasət yürütdüyünü etiraf etmək istəmir.

Onun fikrinə görə, millətçi hərəkatın, Qarabağ münaqişəsinin əsas səbəbkarlarından biri Levon Ter-Petrosyandır. İndi Paşinyan hüquqlarından istifadə edərək Minsk Qrupunun buraxılmasına razılaşıb. Bu da onun fikrincə, münaqişəni tarixin dərinliyinə göndərməyə, Azərbaycanla sülh şəraitində yaşamağa bir vasitədir. Əslində Paşinyan sələflərindən fərqli olaraq, xalqı müharibə və təhlükə ilə təhdid etmir, qorxutmur və şantaj etmir. Baş nazir erməni xalqına sülh və firavanlıq vəd edir. Bunun üçün isə Azərbaycan və Türkiyə ilə xoş münasibətlər qurmaq, özünütəcrid şəraitindən çıxmağın əsas şərt olduğunu dəfələrlə dilə gətirir.

Seçkiöncəsi təbliğatlardan biri də Paşinyan tərəfindən eks-prezidentləri yenidən debata dəvət etməkdir. Bu yolla Baş nazir revanşist və xalqı müharibə ilə qorxu içində saxlayan siyasətçiləri ifşa etmək, onların hakimiyyətə qayıtma arzusunu ürəyində qoymaq niyyətini güdür.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?