"Qəbələdə keçiriləcək TDT sammiti Avrasiyanın gələcək xəritəsini formalaşdıracaq" - AÇIQLAMA

Cari ilin oktyabr ayında Qəbələdə keçiriləcək Türkdilli Dövlətlər Təşkilatının (TDT) sammiti mühüm qərarlarla yadda qalacaq.
Bu fikirləri təhlil.az saytına Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov açıqlamasında deyib.
Onun sözlərinə görə, sammitdə yeni layihələr elan olunacaq, o cümlədən Transxəzər marşrutu və Zəngəzur yolunun bərpası ilə bağlı konkret müddətlər açıqlanacaq.
Ekspert əlavə edib ki, logistika layihələri Çin, Xəzəryanı ölkələr, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropaya qədər uzanacaq.
O bildirib ki, TDT artıq öz gücünü sübut edib və qısa müddətdə ciddi beynəlxalq təşkilata çevrilib:
"Türk ölkələri arasındakı həmrəylik və anlaşma digər birliklərdən daha güclüdür. NATO və Ərəb Liqasında üzvlər tez-tez razılaşa bilmədiyi halda, TDT-də hər görüş real nəticə ilə başa çatır. TDT-yə maraq yalnız türk dövlətləri ilə məhdudlaşmır. Macarıstan, Pakistan, Əfqanıstan kimi ölkələr də təşkilatla əməkdaşlığa qoşulublar və gələcəkdə bu dairə genişlənəcək. Çünki əsas Avrasiya logistikası məhz TDT məkanından keçir və bu, təşkilatın rolunu artırır".
R. Hüseynov Azərbaycanın ikitərəfli münasibətləri strateji səviyyəyə qaldırmasını da xüsusi vurğulayıb.
O xatırladıb ki, Türkiyə və Pakistanla müttəfiqlik, Çin, ABŞ, Böyük Britaniya və bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur:
"Azərbaycanın əsas siyasəti beynəlxalq platformalardan istifadə etməklə konkret ölkələrlə münasibətləri gücləndirməkdir".
Ekspert qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi-siyasi ittifaq xüsusi əhəmiyyət daşıyır və gələcəkdə bu ox ətrafında digər dövlətlərin də birləşməsi mümkündür.
O, həmçinin Azərbaycanın BƏƏ ilə əməkdaşlığının, Azərbaycan-Türkmənistan-Özbəkistan sammitinin, eləcə də Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşünün regionda yeni əməkdaşlıq imkanları yaratdığını da bildirib.
Rasim Babayev