Rizvan Hüseynov: "Paşinyan xalqa həqiqəti deməkdə cəsarət göstərir” - RƏY

"Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları olduqca cəsarətli addımdır. Mən yalnız bunu alqışlaya bilərəm. Çünki Paşinyan təkcə erməni cəmiyyətindəki bəzi baxışları, qonşu xalqlara, onların mədəniyyətinə və ərazilərinə iddialar üzərində qurulan erməni tarixşünaslığını və narrativlərini tənqid etmir, eyni zamanda özünü də tənqid edir. Bu isə artıq cəsarətin göstəricisidir".
Bu fikirləri təhlil.az saytına Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Ermənistanın baş naziri Nikol Paşinyan özü də etiraf edir ki, Qarabağ separatizmini və Azərbaycanın ərazilərinə iddiaları dəstəkləyib.
"Paşinyan qəbul edir ki, onun “Qarabağ Ermənistandır” bəyanatı yeni müharibənin başlanmasına səbəb olub. Bu da o deməkdir ki, Paşinyan təkcə erməni cəmiyyətini deyil, həm də özünü günahlandırır. Bu isə Paşinyanın erməni xalqını əsrlər boyu təkrar olunan “lənətli dairədən” çıxarmaq istədiyini göstərir", - deyə, ekspert bildirib.
R.Hüseynovun fikrincə, əsrlərdir ki, erməni xalqı xarici qüvvələrin yaratdığı saxta tarix və miflərin girovuna çevrilib:
"Bu "Böyük Ermənistan" ideyası hər dəfə həm ermənilər, həm qonşu ölkələr, həm də Azərbaycan və Türkiyə üçün faciə ilə nəticələnib. Bu konsepsiya hələ də təhsil sistemi vasitəsilə yeni nəsillərə ötürülür. Məsələn, erməni uşaqlarının çoxu Ağrıdağın guya Ermənistan ərazisində olduğunu düşünür. Bu, zəhərli ideologiyanın nəticəsidir”.
Ekspert əsas günahkarların kim olduğunu da vurğulayıb: “Paşinyan çox yaxşı bilir və açıq şəkildə bildirir ki, bu saxta konsepsiyanı yayanların başında erməni kilsəsi dayanır. Ermənilərə nifrət dolu mifləri məhz kilsə uydurur. Xaricdəki erməni diasporu bu miflərin yayılmasına pul xərcləyir, siyasi təşkilatlar, o cümlədən "Daşnaksütyun" isə həmin planları həyata keçirir. Bu "üçbaşlı hidra" yəni kilsə, diaspora və siyasi partiyalar erməni xalqının bəlasıdır”.
R.Hüseynov sonda qeyd edib ki, əgər Paşinyana bu lənətli, qapalı dövrəni dayandırmaq müyəssər olsa, bu, erməni xalqı üçün ən böyük qələbə olacaq: "Çünki bu zaman nəinki Ermənistan, həm də qonşu xalqlar və bütün region bu ağır yükdən azad olacaq”.
Rasim Babayev