Ermənistanda 14 faiz işsizlik: təbliğat başqa, reallıq başqa - ARAŞDIRMA

Son statistik məlumatların təhlili göstərir ki, Ermənistanda işsizlik səviyyəsi maksimum həddə çatıb və region ölkələri arasında bu sahədə liderdir. Bununla belə, ictimai rifah səviyyəsi ilə bağlı müsbət imic yaratmaq üçün geniş təbliğat aparılır. Səbəb isə aydındır: qarşıdan seçkilər gəlir və hakim partiya kampaniyasını xələlsiz ötürmək niyyətindədir. Hətta bəzi hökumət ruporları kasıblığın insanların “beynində” olduğunu, real mənzərənin isə fərqli olduğunu iddia edirlər.
Son illərdə yoxsulluğun hesablanma metodologiyasındakı dəyişikliklər nəticəsində rəqəmlər kağız üzərində azalmış kimi göstərilsə də, reallıqda işləyən yoxsulların sayı artır. Bir çox vətəndaşın sabit işi və gəliri var, lakin bu, onların əsas ehtiyaclarını ödəmək üçün yetərli deyil.
İşsizliyin əsas səbəblərindən biri də inflyasiyadır. Zəruri ərzaq və xidmətlərin qiymətləri davamlı şəkildə artır. Son məlumatlara görə, çörək 3,5%, kərə yağı 14%, makaron 5,3%, bitki yağları isə 17,5% bahalaşıb. Bahalaşma digər ərzaq məhsullarında da müşahidə olunur. Məhz bu səbəbdən Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlayıb. Qiymət artımlarını kompensasiya etməyin yeganə effektiv yolu əhalinin gəlirlərini inflyasiya ilə paralel indeksləşdirməkdir. Lakin 2020-ci ildən bəri davam edən qiymət artımları fonunda gəlirlərdə adekvat artım müşahidə olunmur.
Təbliğat reallığında isə “orta maaşlar görünməmiş dərəcədə artıb”. Amma bu artım əsasən maliyyə və İT sektorunda yüksək maaşlı mütəxəssislərin hesabına baş verib. Sadə vətəndaşın 150-200 min dramlıq maaşı ilə isə vəziyyət dəyişmir.
Ümumiyyətlə, Ermənistanda sosial-iqtisadi həyat təbliğat və reallıq arasında bölünüb. Xarici ticarətin 35,8% azalması da bu mənzərəni təsdiqləyir. Müəyyən müddət ərzində hansısa göstəricini seçib şişirtmək olar, lakin bu, ümumi reallığı dəyişməz.
Rəsmi rəqəmlərə görə, Ermənistanda işsizlik 14 faizdir. Bu, ölkə iqtisadiyyatı və sosial rifah üçün faciəvi göstəricidir. Ekspertlərin fikrincə, real işsizlik daha yüksəkdir. Mövsümi və müvəqqəti işləri nəzərə alanda vəziyyətin ağırlığı daha aydın görünür. İşsizlik və yoxsulluq bu gün Ermənistanın ən ciddi sosial problemlərindəndir. Yeganə çıxış yolu mehriban qonşuluq siyasəti yürütmək, özünütəcrid kursuna son qoymaqdır. Əks halda, yaxın illərdə bu rəqəmlər daha ciddi sosial fəsadlara yol aça bilər.
Hikmət Həsənov