İran və Fransa XİN rəhbərləri sanksiyaların bərpasını müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi və Fransanın xarici işlər naziri Jan-Noel Barrot arasında telefon danışığı baş tutub. Görüşdə Tehrana qarşı sanksiyaların bərpası ilə bağlı gərginlik müzakirə olunub.
Təhlil.az xəbər verir ki, çərşənbə axşamı aparılan telefon danışığında tərəflər Avropanın “snapback” mexanizminin işə salınması – İrana qarşı sanksiyaların yenidən tətbiqi ilə bağlı qərarı ətrafında artan gərginliyi müzakirə ediblər.
Barrot vəziyyətin hazırkı dinamikasından narahatlığını ifadə edərək, dialoq üçün məkanın saxlanmasının və diplomatik yola qayıtmağın vacibliyini vurğulayıb.
Abbas Əraqçi isə Avropa dövlətlərinin BMT Təhlükəsizlik Şurasında “snapback” mexanizmini işə salmasını qəti şəkildə rədd edib. O, bu qərarı “siyasi və hüquqi legitimlikdən məhrum, böhranı və qeyri-sabitliyi daha da gücləndirəcək addım” adlandırıb.
İranın XİN rəhbəri nüvə proqramlarının sırf dinc xarakter daşıdığını bildirib və Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əldə olunmuş son razılaşmanı xatırladıb. Əraqçi vurğulayıb ki, İran beynəlxalq məsələlərin, o cümlədən nüvə proqramının yalnız diplomatiya yolu ilə həllinə tərəfdardır və qarşılıqlı maraqları təmin edən ədalətli, balanslı həll variantına hazırdır.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən konsulluq məsələlərini müzakirə edib, Tehran və Paris arasında müntəzəm təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.