26 aprel

Türk serialları həyatımıza necə təsir edir?

Hələ peyk antenalarından istifadənin “dəb”də olduğu vaxtlarda xarici film və seriallar vasitəsilə dünya ölkələrinin fərqli adət-ənənələri evlərimizə daxil ola bilmişdi. Zamanla məşhur braziliya seriallarının müzakirəsi gündəlik həyatın bir parçasına çevrildi. Dünyanın “təmiz” vaxtında insanların müəyyən günlərin eyni saatlarında ekran qarşısına kilidlənməsi ilə gələcək üçün “serial azarkeşləri” hazırlanırdı.

Sonradan əksər ölkələrdə, o cümlədən Azərbaycanda internet əlçatanlığının təmin olunması bir sıra sahələrlə yanaşı kino və serial industriyasının da inkişafına xüsusi təkan verdi. Bu isə bütün mənalarda təbliğat strategiyasında yeni cığır açdı. Artıq serial istehsalçılarının əlində “hazır müştəri”lər var idi və onların da içərisində müxtəlif kontingentlər formalaşmışdı. Qalırdı bircə, bu kütlələrə müxtəlif platformalardan “hücum etmək”.

Sözsüz ki, bütün sektorların inkişafı özü ilə bərabər müsbət və mənfi yeniliklər gətirir. Ümumilikdə, televiziyanın fəaliyyəti əslində insanların dünya mədəniyyətləri ilə asan tanışlığına, məlumatlılığın artırılmasına, asudə vaxtın səmərli keçirilməsinə, əyləncəyə və s. hesablanıb. Lakin zaman göstərdi ki, fərqli xalqların dünyaya fərqli baxışları, bəzi müqayisələrdə kəskin fərqlənən həyat tərzləri seriallar vasitəsilə təbliğ olunur. Bu təşviqat işində serialların təsiri filmlərdən qat-qat artıq hesab oluna bilər. Çünki hər bölümün sonunda intizarda qalan tamaşaçı növbəti seriyada növbəti təbliğat komponentlərinə tuş gəlir. Tamaşaçı tanış olduğu yenilikləri zamanla öz həyatına tətbiq etmək istəyir. Bu zaman mentalitet fərqi ciddi problemlərə gətirib çıxarır.

Türkiyə də serial sektorunda dünyada lider ölkələr sırasındadır. 2023-cü ilə qədər olan statistika göstərir ki, qardaş ölkə serial ixracatı baxımından ABŞ və Böyük Britaniyadan sonra dünya reytinqində 3-cüdür. 2020-ci ilə qədər olan müqayisədə Türkiyə Meksika və Braziliya kimi sektorun “nəhəng”lərini geridə qoyaraq 2-ci sıraya yüksəlmişdi.

Bəs türklər bu təbliğat mexanizmindən necə istifadə edir? Ölkəmizin əhalisinə, gənclərə türk serialları necə təsir edir?

Türklərin ailə-məişət, sevgi, dram və s. janrlı seriallarının ölkəmizdə də kifayət qədər izləyicisi var. Bu seriallarda adətən hansısa holdinqin sahibi olan ailələrin dəbdəbəli həyatı nümayiş olunur. Lakin bunu evin yaraşıqlı oğlunun ərköyünlüyü fonunda, ya da “yağ-bal içində” böyüyən qızın kaprizləri ilə bərabər təqdim edəndə daha baxımlı hala gəlir. Maddi imkanı ilə arzuları düz mütənasib olan bu obrazların maşınları, evləri, geyim və həyat tərzləri filmlərin təsirinə düşən Azərbaycan gənclərində lazımsız arzular əmələ gətirir. Reallıqdan uzaq olan istəklər onlarda ruh düşkünlüyünün yaranmasına, depressiyaya səbəb olur. Pillə-pillə öz məqsədlərinə çatmaq istəyənlər öz həmyaşıdlarının artıq “zirvə”də olduğunu görəndə boşluğa düşür. Xoşbəxtliyi rəngarəng və dəbdəbəli həyatın içində axtarmağa can atanlar tez və asan pul qazanmaq barədə düşünürlər. Əks cinsin nümayəndələrindən gözləntilər artır. Gənc qızlar öz “Ferit”lərini tapıb ona ərə getmək arzusuna düşür, oğlanlarımız isə yetərsizlik hissinə qapılırlar. Eləcə də kişilərin gözəllik axtarışı çoxalır. Duyğular arxa plana atılır, varlığını nümayiş etdirmək üçün əşyalara duyulan ehtiyaclar artır və bütün bunlar birbaşa kapitalizmə xidmət edir. Maddiyyat üstündə qurulan həyatlara rəğbət bəsləyən tamaşaçı mənəviyyatını da daim zənginləşdirməli olduğunu unudur. Hər nə qədər bu filmlərdə bəzi sosial mesajlar, maarifləndirici məqamlar olsa da, əsas təbliğatın içində o anlıq siqnallar itib batır.

Sadalananlardan başqa, bu seriallarda sevgi azadlığı adı altında mənəviyyata zidd nümunələr sərgiləyən obrazlara da rast gəlinir. Əmisinin həyat yoldaşına göz qoyan kim, dostunun nişanlısı ilə eşq yaşayan kim, bacısının ərinə qoşulub qaçan kim... Türkiyənin tənqidçi “youtuber”i Murat Sonerin belə filmlərdəki qarmaqarışıq eşq macəraları ilə bağlı hazırladığı əyləncəli videoçarxların bir neçəsinə baxmaq vəziyyətin nə yerdə olduğunu anlamaqçün kifayətdir. Ssenarilərin əksəriyyətinin ümumi məğzi təxminən belədir: Holdinqin sahibi holdinqin maaşla dolanan işçisinə, ya da hansısa kənd qızına vurulur, kasıbçılıqla böyüyən qız bir neçə bölüm sonra brend məhsulların əhatəsində dolanışıq dərdindən uzaq olsa da, eşq sancıları çəkir...

Türkiyədə tarixi seriallara da kifayət qədər sərmayə ayrılır, belə “dizi”lərin çəkilişi üçün xüsusi şəhərciklər salınır. Keyfiyyətli məhsul türklərə pul qazandırmaqla yanaşı tarixi faktları dünyaya bəyan etmə imkanı yaradır. Lakin bu nümunələrin də bəzilərində tarixi reallıqlardan yayınma hallarına, xronologiya xətalarına rast gəlinir. Siyasi və mafiya motivli müasir seriallarla isə türklər lazımi yerlərə lazımi mesajları çatdırır.

Nəticə: Ümumiyyətlə, yaxşı və pis həyat, doğru və ya yanlış yaşam anlayışları ilk növbədə xalqların milli mentalitet anlayışına uyğun formalaşır. Əlbəttə, Azərbaycan dünyəvi dövlətdir və hər kəs öz həyat tərzini formalaşdırmaqda sərbəstdir. Zamanın tələbləri ilə ayaqlaşmaq bizim şəxsi inkişafımız üçün artıq zərurətə çevrilib. Lakin azad və çağdaş olmaq bizə özümüzə xəyanət etmək ixtiyarını vermir. Qeyd etmək yerinə düşər ki, dünyada ailə kultunu qoruyub saxlayan azsaylı ölkələrdən biri də Azərbaycandır. Təəssüf ki, bəzi gənclərimiz bu mövzu ilə bağlı müxtəlif əks-təbliğatlara məruz qaldığından, milli-mənəvi dəyər ifadəsi artıq onlarda ikrah hissi oyadır. Qeyd olunan serialların aşıladığı materialist düşüncə tərzi ailədaxili münaqişələrin, boşanmaların çoxalmasının, eləcə də evlilikdən qaçan gənclərin artmasının əsas səbəblərindəndir.

Ekranlarımızda bizi idarə etməyə çalışan “güclər”dən asılı olmamalı, bəzən dayanmalı, nəyi, niyə istədiyimizi özümüzdən soruşmalıyıq. “Nələri nələrə qurban verdim?” deməmək üçün özümüz kimi qalmalıyıq. Cümlənin hər iki mənasında özümüzü qoruyaq!

təhlil.az

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?