İqtisadiyyat sülhün zəmanəti olur – Zəngəzur dəhlizi gerçəyə çevrilir - TƏHLİL

Məlum həqiqətdir ki, Cənubi Qafqaz regionu uzun illər geosiyasi maraqların kəsişdiyi, müxtəlif münaqişələrin mərkəzində dayanan, bununla belə strateji cəlbediciliyi daim yüksək olan məkan olub. Bu məkan yalnız üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üçün deyil, eyni zamanda Çin, Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqı kimi aktorlar üçün də böyük əhəmiyyət daşıyıb və daşımaqdadır. Amma 2020-ci ildən sonra Azərbaycan burada yeni reallıqlar yaradıb və indi Cənubi Qafqazda proseslərin inkişaf axarı daha çox Azərbaycanın mövqeyindən asılı hala düşüb. Azərbaycan isə regionu rifah, sülh və inkişaf məkanına çevirməkdə maraqlıdır, bu istiqamətdə müvafiq addımlar atır və artıq mühüm nəticələrə də nail olub. Qeyd edilən hal Cənubi Qafqazın dünya üçün cəlbediciliyini daha da artırır.
Ölkəmizin yanaşmasına əsasən, regionun təhlükəsizliyi, iqtisadi inkişafı və dayanıqlı sülhün təmin olunması burada kommunikasiya yollarından da birbaşa asılıdır. Bu baxımdan Zəngəzur dəhlizi həm regional əməkdaşlıq, həm də beynəlxalq inteqrasiyanın mühüm vasitəsinə çevrilə bilər. Əslində, bu yanaşma dünya miqyasında da qəbul edilir. Regionda kommunikasiya yollarına ABŞ, Çin, Avropa, Türkiyə, Rusiya və digər beynəlxalq aktorların münasibəti də bunun təzahürüdür. Digər tərəfdən, kommunikasiya yollarının, o cümlədən Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda sülh və sabitliyin, tərəqqinin daha möhkəm əsaslar üzərində dayanmasına xidmət edəcək. Buna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun Naxçıvana səfəri kontekstində bir daha diqqət çəkilib.
Öncə Naxçıvanın həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəz olduğunu qeyd edən Kürşad Zorlu bildirib:
“Azərbaycan–Türkiyə münasibətləri ən yüksək səviyyədədir və dünyada nadir hallarda rast gəlinən dostluq, qardaşlıq və güclü müttəfiqlik üzərində qurulub. Biz “bir millət, iki dövlət” şüarı ilə hərəkət edən bütöv birliyik. Naxçıvan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də Azərbaycan–Türkiyə münasibətlərində xüsusi əhəmiyyət daşıyan mərkəzdir. 2009-cu ildə imzalanmış müqavilə də məhz burada gerçəkləşmişdir. İndi isə yeni bir mərhələyə qədəm qoyuruq. Belə ki, Türkiyə–Azərbaycan münasibətləri ilə yanaşı, Azərbaycan–Ermənistan arasında həyata keçiriləcək layihələr çərçivəsində Naxçıvanı Azərbaycana birləşdirəcək dəhliz açılacaq. Bu reallaşdığı təqdirdə Naxçıvan təkcə iki ölkə üçün deyil, bütün türk dünyası üçün ən önəmli logistik mərkəzlərdən birinə çevriləcək... Zəngəzur dəhlizi açıldıqdan sonra böyük iqtisadi imkanlardan bütün Qafqaz ölkələri faydalanacaq, bölgə isə sülhün, sabitliyin və güvənin mühüm mərkəzinə çevriləcək”.
Artıq Ermənistanın özündə də qəbul edilir ki, Zəngəzur dəhlizinin işə düşməsi bu ölkənin qarşısında tamamilə yeni imkanlar açacaq. Ümumiyyətlə, dəhliz tam şəkildə fəaliyyətə başladıqdan sonra bu, yalnız region dövlətləri arasında deyil, Avrasiya miqyasında da yeni əməkdaşlıq imkanları yaradacaq. Ən əsası isə o, regionda əməkdaşlıq üçün yeni səhifə açmaqla yanaşı, sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Çünki iqtisadi əlaqələrin inkişafı, ölkələr arasında qarşılıqlı ticarət mühitinin yaranması digər istiqamətlərdə də münasibətlərə müsbət təsir göstərir.
Tarix sübut edib ki, iqtisadi münasibətlər bir çox hallarda münaqişələrin həllində, düşmənçilik səhifəsinin çevrilməsində mühüm rol oynayıb. Azərbaycan Ermənistanla münasibətlərdə düşmənçilik səhifəsini çevirməkdə maraqlıdır və bunu bir neçə dəfə ən yüksək səviyyədə bəyan edib. Hələ 2022-ci ilin iyununda keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev qeyd edib:
“Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”.
İndi bunun üçün daha əlverişli zəmin formalaşıb və Zəngəzur dəhlizi bu zəmini daha da gücləndirmək iqtidarındadır.
O da faktdır ki, Ermənistanın uzun illər təcrid vəziyyətində qalması onun sosial-iqtisadi inkişafını əngəlləyib. Dəhlizin açılması isə bu təcridi aradan qaldıraraq Ermənistanın regional layihələrdə iştirakına imkan verəcək. Bu, həm ölkənin daxili sabitliyini gücləndirəcək, həm də qonşularla münasibətlərin normallaşmasına şərait yaradacaq. Digər tərəfdən, dəhliz Azərbaycanın regiondakı strateji mövqeyini gücləndirəcək. Azərbaycan artıq enerji və nəqliyyat layihələrinin əsas iştirakçısıdır. Müxtəlif layihələr ölkəmizi regional logistik mərkəzə çevirib. Zəngəzur dəhlizinin açılması isə bu statusu daha da möhkəmləndirəcək. Azərbaycan vasitəsilə Çindən və Mərkəzi Asiyadan gələn yüklər Türkiyəyə, oradan isə Avropaya və Aralıq dənizi limanlarına daha sürətli daşına biləcək.
Türkiyə üçün də Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz vasitəsilə Ankara həm də Orta Asiyaya çıxış imkanlarını genişləndirəcək. Beləliklə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha da güclənəcək, iqtisadi, mədəni və siyasi inteqrasiya möhkəmlənəcək. Bu, həm də Cənubi Qafqazda sabitliyin təmininə töhfə verəcək, çünki ortaq maraqlar ölkələr arasında qarşıdurmanı deyil, əməkdaşlığı stimullaşdıracaq.
Rusiyanın da maraqları bu dəhlizlə üst-üstə düşür. Moskva regionda kommunikasiya xətlərinin açılmasında maraqlıdır, çünki bu, onun iqtisadi təcriddən xilas olmasına gətirib çıxarır. Rusiya dəhliz vasitəsilə Ermənistanla əlaqələrini möhkəmləndirə, həm də Türkiyə və İran istiqamətində ticarətini genişləndirə bilər. İran isə müəyyən ehtiyatlı mövqe sərgiləsə də, əslində dəhlizdən faydalanan tərəflərdən biri olmaq iqtidarındadır. Çünki yeni yol İranı regional layihələrdən kənarda qoymur, əksinə, onun tranzit imkanlarını daha da artırır.
Zəngəzur dəhlizinin açılması beynəlxalq güclər, xüsusilə də Avropa İttifaqı üçün də maraqlıdır. Avropa enerji təhlükəsizliyini təmin etmək, Asiya ilə birbaşa nəqliyyat əlaqələrini genişləndirmək istəyir. Avropada nəzərə alınır ki, Zəngəzur marşrutu Orta Dəhliz layihəsini daha səmərəli və rəqabətqabiliyyətli edir. Çin və ABŞ kimi güclər də Zəngəzur dəhlizinə böyük önəm verirlər.
Beləliklə, Zəngəzur dəhlizi sayəsində Cənubi Qafqaz regionu yalnız qonşu ölkələr üçün deyil, qlobal miqyasda da mühüm strateji əhəmiyyət qazanır. Əlavə olaraq, dəhlizin açılması perspektivdə Cənubi Qafqaz xalqları arasında humanitar münasibətləri də yaxşılaşdıracaq. İnsanların sərbəst gediş-gəlişi, mədəni əlaqələrin artması, turizmin inkişafı xalqlar arasında etimadı möhkəmləndirəcək. Bu isə uzunmüddətli perspektivdə sabitliyin ən güclü təminatlarından biridir.
Qeyd edilənlər bir daha təsdiq edir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında mühüm vasitəyə çevrilir. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması yalnız bir yolun bərpası deyil, həm də əməkdaşlıq və sabitlik dövrünün başlanğıcına çevrilə bilər.
MTM Analitik Qrupu