Bu gün

Ermənistanda seçki kampaniyası başladı - Hakim partiya qələbə yolunda - ŞƏRH

2026-cı il seçkilərinin Ermənistanda hakimiyyətlə müxalifət arasında ölüm-dirim savaşına çevriləcəyi şübhə doğurmur. Tərəflər müxtəlif platformalar hazırlayaraq, qələbə qazanmaq niyyətini tam çılpaqlığı ilə ortaya qoyub. Səslənən bəyanatlar və verilən açıqlamalar isə həm müxalifətin, həm də iqtidarın bu yolda istənilən vasitəyə baş vuracağından xəbər verir. Hakim partiya üçün isə təbliğat kampaniyası 8 avqust tarixindən başlayıb. Vaşinqtonda imzalanan üçtərəfli bəyannamə Nikol Paşinyan komandası üçün seçkidən əvvəl təşviqat üçün əla bir vasitəyə çevrilib.

Bu yaxınlarda isə sənədin Baş nazir tərəfindən təqdim edilməsi, detalların açıqlanması da hakim komandanın seçkiyə məhz bu sənədin işığında gedəcəyindən xəbər verir. Eyni zamanda hökumət seçkilərdə qələbəni tam təmin etmək üçün artıq bir sıra addımlar atıblar. İlk olaraq, söyləmək lazımdır ki, Baş nazir müdafiə büdcəsinin artırılmacayağını bildirib. Bununla da Paşinyan hakimiyyətdə olduğu dövrdə heç bir müharibənin olmayacağına işarə edir. Bu isə müxalifətin “tezliklə hərbi əməliyyatlar olacaq” tezisinə bir zərbədir. Paralel olaraq isə, Müdafiə nazirliyinin hərbi xidmət müddətinin 24 aydan 18 aya qədər azaldılması da yerli camaat arasında rəğbətlə qarşılanıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da açıqlama verərək, tezliklə iki ölkə arasında ticarətin başlayacağına, Ermənistanın Azərbaycandan ucuz qiymətə enerji resursları alacağına dair bəyanat səsləndirib. Bu da iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasının sürətlənəcəyinə işarə edir. Eyni zamanda əgər iki ölkə arasında ticarət əlaqələri belə səpkidə bərpa edilirsə, burada heç bir müharibədən danışmaq mümkün deyil. Belə tendensiyanın yaranması həm də iqtisadi əlaqələrin bərpası deməkdir. Bu, erməni cəmiyyətinə hazırda vacib və lazımi bir açıqlama olduğu üçün spikerin fikri müxalif düşərgədə ciddi narazılıq yaradıb. Çünki zaman keçdikcə hakimiyyətin tezisləri xalq arasında daha çox yayılır və erməni cəmiyyətində aydınlanma, sülhə nikbin baxış ortaya çıxır. Beləliklə, hakimiyyət müxalifətin revanşizm cəhdlərinin qarşısını almaqla yanaşı, sadə erməni vətəndaşının rifahını, iqtisadi inkişafını, sosial vəziyyətini düşündüyünü, sülhün prioritet olduğunu diqqətə çatdırır. Ehtimal etmək olar ki, son dövrlər aparılan sorğularda da hakimiyyətin reytinqinin artması bu tezislərin fonunda mümkün olub. Əgər nəzərə alsaq ki, seçkilərə hələ 9 ay var, o zaman söyləmək olar ki, bu dövr ərzində də rəqəmlərdə xeyli dəyişiklik mümkündür. Bu, Paşinyan hakimiyyətinin yenidən qələbə qazanaraq, revanşist qüvvələri tarixin bir küncünə atması ilə nəticələnə bilər.

Hikmət Həsənov

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?