ABŞ süni intellektin uşaqlara təsirini öyrənmək qərarına gəlib

ABŞ Federal Ticarət Komissiyası “Google”, “Meta”, “OpenAI”, “Snap”, “xAI” və “Character Technologies” daxil olmaqla əsas süni intellekt “chatbot” tərtibatçılarına sorğular göndərərək, yetkinlik yaşına çatmayanların öz xidmətlərinə girişini necə sınaqdan keçirdikləri, izlədikləri və məhdudlaşdırdıqları barədə məlumat tələb edib. Təhlil.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Tənzimləyici izah edir ki, məlumatların toplanmasında məqsəd bazar araşdırması aparmaqdır. Lakin ekspertlər hesab edirlər ki, əldə edilən məlumatlardan rəsmi yoxlamalar və araşdırmalar üçün də istifadə etmək olar. FTC-nin artan diqqəti “chatbot”ların yeniyetmələr arasında potensial təhlükəli davranışları asanlaşdırmasının aşkar ediməsi ilə izah edilir. Xüsusilə, “OpenAI” və “Character AI” artıq yetkinlik yaşına çatmayan istifadəçilərlə əlaqəli faciəli işlərlə bağlı məhkəmə çəkişmələri ilə üzləşib.
Ekspertlərin fikrinə görə, FTC-nin bazar araşdırması bir neçə il çəkə bilər, lakin onun nəticələri süni intellekt tərtibatçılarına qarşı gələcək tənzimləyici tədbirlər üçün hüquqi əsas yaradacaq.