Bu gün

Çin–Azərbaycan ticarəti 26% artdı: rekord gözlənilir - ARAŞDIRMA

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılıqlı əməkdaşlığı qlobal siyasətin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Bu kontekstdə son onilliklərdə Çinin dünya miqyasında artan iqtisadi, siyasi və geosiyasi gücü onun müxtəlif regionlarda maraqlarının genişlənməsinə səbəb olub. Cənubi Qafqaz regionunda Azərbaycanla münasibətlər isə bu siyasətin mühüm tərkib hissəsinə çevrilib. Çinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsinin arxasında konkret iqtisadi, enerji, nəqliyyat-logistika, siyasi və strateji səbəblər dayanır.

Proseslər göstərir ki, bundan sonra da Çin Azərbaycanla əməkdaşlığının dərinləşməsində maraqlı tərəf olaraq qalacaq. Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey də təsdiq edir. Onun sözlərinə görə, Pekin və Bakı əməkdaşlıq üçün böyük perspektivlərə və potensiala malikdir. Xanım səfir Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfərinin praqmatik əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini də diqqətə çatdırıb:

“Çin Sədri Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını aktivləşdirmək, “Bir kəmər, bir yol” çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyaların sadələşdirilməsinə töhfə vermək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətini daim artırmaq, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək, eyni zamanda rəqəmsal iqtisadiyyat, “yaşıl inkişaf” və süni intellekt kimi yeni sahələrdə qarşılıqlı fəaliyyət göstərmək vacibdir”.

Bundan əlavə, səfir təhsil, elmi-texniki, mədəni, turizm, gənclər və regionlararası əməkdaşlığın ikitərəfli münasibətlər üçün möhkəm təməl yaratmaq məqsədilə gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Gələcəyə baxdıqda, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş perspektivlərə və böyük ümidlərə malik olduğunu söyləmək olar. Çin tərəfi Azərbaycanla birgə işləməyə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə vermək üçün bütün mövcud razılaşmaların uğurla həyata keçirilməsi istiqamətində bütün səylərini göstərməyə hazırdır”.

Azərbaycan tərəfi də eyni yanaşmanı sərgiləyir. Bu isə iki ölkə arasında münasibətlərin inkişafını getdikcə daha dinamik xarakter almasına səbəb olur. Bu xüsusilə iqtisadi sahədə özünü aydın göstərir. Lu Meyin sözlərinə görə, Azərbaycan və Çin bu ilin sonuna qədər illik ticarət həcmini rekord səviyyəyə çatdırmağı planlaşdırır:

“Çin və Azərbaycan iqtisadiyyatı bir-birini tamamlayır və sənaye, investisiya əməkdaşlığı üçün böyük potensiala malikdir. Bu ilin iyun ayında Çin və Azərbaycan bazarlara giriş üzrə danışıqları başa çatdırıb. Bu da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün əhəmiyyətli təkan verib. Azərbaycanın statistik məlumatlarına görə, bu ilin ilk yeddi ayında Çin və Azərbaycan arasında ticarət həcmi 2,45 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 26 faiz artım deməkdir. İllik ticarət həcminin rekord yüksək səviyyəyə çatacağı gözlənilir”.

Azərbaycanın coğrafi mövqeyi, Asiya ilə Avropa arasında təbii körpü olması, malik olduğu nəqliyyat-logistika imkanları Çinin ölkəmizlə əməkdaşlığı dərinləşdirməsinə əlavə stimul verən faktorlardandır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin öz məhsullarını daha sürətli və təhlükəsiz şəkildə Avropaya çatdırmağın yollarını axtarır. Bu mənada Azərbaycan ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və digər infrastruktur layihələri Çinə Avropaya çıxış üçün alternativ və səmərəli marşrut təqdim edir.

Çin üçün bu yol həm məsafəni qısaldır, həm də nəqliyyat xərclərini azaldır. Lu Meyin sözlərinə görə, ölkəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun roluna böyük əhəmiyyət verir:

“Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk dövlətlərdən biridir. Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional əlaqələrin artırılmasında, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal-təchizat zəncirinin sabitliyinin təmin edilməsində mühüm roluna böyük əhəmiyyət verir”.

Onun sözlərinə görə, 2025-ci ilin yeddi ayı ərzində Çindən Azərbaycana 225 blok-qatar qəbul edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur: “İlin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir”.

Azərbaycan iqtisadiyyatı enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat və sənaye sahələrində də inkişaf edir. Çin isə həm investisiya qoymaq, həm də məhsul ixracını artırmaq baxımından bu imkanlara böyük maraq göstərir. Çinin böyük şirkətləri artıq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətə başlayıb. Bununla yanaşı, Çin məhsullarının Azərbaycan bazarında rəqabət qabiliyyəti yüksəkdir. Azərbaycanın da Çin bazarına kənd təsərrüfatı və digər məhsulları ixrac etmək imkanı mövcuddur. Çin bazarının genişliyi Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadi şaxələndirmə siyasəti üçün mühüm əhəmiyyət daşıyır.

Çin şirkətlərinin Azərbaycana sərmayə yatırması iqtisadiyyatın modernləşdirilməsi, yeni iş yerlərinin yaradılması, texnologiya transferi və sənaye əməkdaşlığı baxımından faydalıdır. Bu, Azərbaycanın uzunmüddətli inkişafına da müsbət təsir göstərir.

Digər mühüm məqam isə Çinin dünyanın ən böyük enerji istehlakçılarından biri olmasıdır. Sürətlə artan sənaye potensialı və əhalinin böyüməsi nəticəsində ölkə hər il daha çox neft və qaz idxalına ehtiyac duyur. Azərbaycan isə zəngin enerji resurslarına sahibdir. Pekin enerji mənbələrinin şaxələndirilməsi və tədarük marşrutlarının genişləndirilməsi baxımından Azərbaycanı strateji tərəfdaş kimi görür. Azərbaycanın etibarlı enerji ixracatçısı kimi mövqeyi Çinin enerji təhlükəsizliyi siyasətinə mühüm töhfə verə bilər. Bu, xüsusən də “yaşıl enerji” sektorunda aktualdır.

Çin üçün Azərbaycan yalnız iqtisadi tərəfdaş deyil, həm də strateji mövqeyə sahib dövlətdir. Azərbaycan həm Rusiya, həm İran, həm də Türkiyə ilə sərhədə malikdir və qarşılıqlı münasibətlər saxlayır. Bu faktor Çinə bölgədə balanslaşdırılmış siyasət yürütmək və regional güclərlə əlaqələrdə əlavə imkanlar əldə etmək imkanı verir. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatındakı fəallığı və beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə diqqət çəkir. Çin üçün Azərbaycanın bu beynəlxalq nüfuzu, onunla birgə fəaliyyət platforması yaratmaq baxımından əhəmiyyətlidir.

Həmçinin Çin və Azərbaycan qlobal idarəetmədə islahatların aparılması və onun təkmilləşdirilməsi istiqamətində fəallıq göstərirlər. Lu Mey də qeyd edir ki, Si Cinpin tərəfindən irəli sürülən Qlobal İdarəetmə Təşəbbüsü müasir dünyanın təxirəsalınmaz ehtiyaclarına cavab verir:

“Prezident İlham Əliyev “ŞƏT plyus” formatındakı çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini fəal dəstəkləyib... Hər iki dövlət – Çin və Azərbaycan – Qlobal Cənub ölkələridir və qlobal idarəetmədə islahatların aparılması və onun təkmilləşdirilməsinin əsas qüvvəsidir”.

Çin nəzərə alır ki, Cənubi Qafqaz mürəkkəb geosiyasi və geoiqtisadi proseslərin yaşandığı bir regiondur. Buna baxmayaraq, Azərbaycan sabitliyini qoruyub saxlayır və müstəqil xarici siyasəti ilə seçilir. Çin üçün bu sabitlik xüsusi əhəmiyyət daşıyır. Çünki xarici sərmayələrin təhlükəsizliyi və uzunmüddətli əməkdaşlığın təmin olunması üçün sabit mühit vacibdir. Azərbaycan dövlətinin xarici sərmayədarlara yaratdığı əlverişli şərait də Çinin ölkəmizdə layihələrini reallaşdırmaq marağını artırır.

Çin Azərbaycanla yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan mədəniyyətlərin qovuşduğu bir məkandır və multikulturalizm modeli ilə tanınır. Bu isə Çinin sivilizasiyaların dialoqu siyasəti ilə üst-üstə düşür.

Bütün bunlar Çinin Azərbaycanla əməkdaşlığa marağını artırır. Artıq bu əməkdaşlığın daha da dərinləşməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi real perspektivdir. Bu isə hər iki ölkənin maraq və mənafelərinə tam cavab verir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?