Bu gün

Macarıstan Azərbaycanı Avropanın strateji dayağı kimi görür - TƏHLİL

Son onillikdə Azərbaycanla Macarıstan arasında formalaşan sıx münasibətlər hazırda regional və qlobal miqyasda strateji tərəfdaşlıq nümunəsi kimi dəyərləndirilir. İlbəil inkişaf edən bu münasibətlərin əsasını qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və uzunmüddətli strateji maraqlar təşkil edir. Ölkələrimiz arasında siyasi dialoq ən ali səviyyədə davam etdirilir, dövlət başçıları və hökumət nümayəndələri arasında keçirilən müntəzəm görüşlər, imzalanan sənədlər əlaqələrin dərinləşməsində mühüm rol oynayır.

Xatırladaq ki, hələ 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə ikitərəfli münasibətlərdə mühüm mərhələnin əsasını qoyub. Rəsmi Budapeştin Azərbaycanı Avropa İttifaqında etibarlı tərəfdaşlardan biri hesab etməsi, öz növbəsində ölkəmizin Macarıstanla münasibətlərin strateji müttəfiqlik səviyyəsində inkişafında maraqlı olması xüsusi vurğulanmalıdır. Hər iki dövlətin geniş iqtisadi potensialı da qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar açıb.

Prezident İlham Əliyevin 2023-cü ilin yanvarında Macarıstana sayca dördüncü rəsmi səfəri ölkələrimiz arasındakı siyasi əlaqələrə yeni məzmun qazandırıb. Səfər çərçivəsində imzalanan sənədlər arasında ən mühümü “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə olub. Bu əlahiddə sənəd münasibətlərin gələcək hədəflərini müəyyənləşdirməklə yanaşı, hər iki ölkənin beynəlxalq və regional məsələlərdə razılaşdırılmış mövqedən çıxış etmələrinə, qarşılılıqlı olaraq maraq və mənafelərinin müdafiəsinə imkan yaradıb. Səfər zamanı dövlət başçıları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi vacibliyini də vurğulayıb, qurumun Macarıstanda nümayəndəlik ofisinin açılmasının əhəmiyyətini qeyd ediblər.

2025-ci ilin mayında TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə toplantısı isə Macarıstanın türkdilli ölkələr, o cümlədən Azərbaycanla əlaqələrə mühüm yer verdiyini təsdiqləyib. Rəsmi Budapeşt uzun illərdir ki, türkdilli dövlətlərlə siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır. Avropa İttifaqının üzvü olan Macarıstanın TDT-yə müşahidəçi qismində üzvlüyü bu ölkənin təşkilat çərçivəsində daha dərin inteqrasiya niyyətini ortaya qoyub. Budapeştdə keçirilmiş Zirvə toplantısı bir sıra məsələlərlə yanaşı, Avropa, Cənubi Qafqaz və Orta Asiya arasında enerji, nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi məsələlərinin müzakirəsi baxımından da əhəmiyyətli olub. Prezident İlham Əliyevin tədbirdə iştirakı çərçivəsində keçirilən ikitərəfli görüşlər, əldə olunmuş razılaşmalar Azərbaycan-Macarıstan əməkdaşlığının strateji məzmununu daha da gücləndirib.

Bu günlərdə Budapeştdə keçirilən Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası deməyə əsas verir ki, ölkələrimiz əməkdaşlıq üçün mövcud potensialı düzgün dəyərləndirir, bu istiqamətdə bütün imkanlar səfərbər edilir. Macarıstan kapitalı ilə fəaliyyət göstərən şirkətlərin ölkəmizdə kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində, azad edilmiş ərazilərin bərpası prosesində iştirakı real nəticələr verir.

Birgə Komissiyanın gündəliyində yer alan məsələlərin əhatəliliyi – ticarət, biznes, investisiya, energetika, məşğulluq və sosial müdafiə, təhsil, mədəniyyət, turizm, qida təhlükəsizliyi və digər sahələri əhatə edən müzakirələr strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir. İndiyədək ölkələrimiz arasında imzalanmış 61 sənədin yaratdığı hüquqi baza, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını keçməsi, enerji sahəsində birgə layihələrin reallaşdırılması bunun real göstəriciləridir.

Enerji əməkdaşlığı strateji tərəfdaşlığın dərinləşməsində xüsusi rola malikdir. Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu hər zaman düzgün qiymətləndirən, bu sahədə sıx əməkdaşlıq edən ilk dövlətlərdən olub. Bu gün ölkəmiz təkcə neft və qazın deyil, həm də bərpa olunan mənbələr hesabına əldə edilən elektrik enerjisinin Avropaya çatdırılmasında mühüm oyunçuya çevrilib. Macarıstanla bu istiqamətdə əməkdaşlıq həyata keçirilən layihələrin səmərəliliyini təmin edir.

2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması qlobal yaşıl enerji dəhlizinin formalaşdırılması istiqamətində ciddi addım olub. Bu saziş Qara dəniz sualtı enerji kabelinin tikintisinin əsasını qoymaqla, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində alternativ mənbə yaradıb.

Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq təkcə dövlətlərarası sənədlər, iqtisadi göstəricilərlə deyil, həm də siyasi liderlərin mövqeləri ilə təsdiqlənir. Bu mənada, Macarıstanın xarici işlər naziri Peter Siyartonun rəsmi sosial şəbəkə hesabındakı açıqlamaları təkcə Azərbaycana deyil, həm də onun lideri Prezident İlham Əliyevin Avropadakı böyük nüfuzuna verilən obyektiv qiymətdir. O bildirib ki, 15 il əvvəl Macarıstan Azərbaycanla əməkdaşlıq yolunu seçərkən, bəzi Avropa liderləri bunu istehza ilə qarşılamışdılar, bu gün isə həmin dövlətlərin başçıları Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar. P.Siyarto onu da vurğulayıb ki, Azərbaycanla tərəfdaşlıq Macarıstana energetika, kənd təsərrüfatı, tikinti və əczaçılıq kimi sahələrdə mühüm dividendlər qazandırıb. “MOL Group”, “MVM” kimi şirkətlər Azərbaycanın iri neft-qaz yataqlarında pay sahibi olmaqla sadəcə, alıcı deyil, istehsalçı mövqeyinə yüksəliblər.

Qeyd edilənlər deməyə əsas verir ki, Azərbaycan-Macarıstan münasibətləri artıq ikitərəfli çərçivədən çıxaraq regional və qlobal əməkdaşlıq müstəvisinə qədəm qoyub. Azərbaycanın Avropaya inteqrasiyasında, Macarıstanın türk dünyası və Cənubi Qafqazla əlaqələrinin dərinləşməsində bu əməkdaşlığın mühüm rolu xüsusi qeyd olunmalıdır. Mövcud əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi, genişmiqyaslı layihələrlə möhkəmlənəcəyi də şübhəsizdir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?