"Pakistan–Ermənistan yaxınlaşmasının arxasında Bakı dayanır” - RƏY

Əslində Azərbaycanla Ermənistan arasındakı münaqişəni tənzimləməli olan Minsk qrupu nəticədə beynəlxalq turizm qrupuna çevrildi.
Bunu təhlil.az saytına açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, illərlə dünyanın ən gözəl paytaxtlarında müxtəlif görüşlər keçirilsə də, sonda məlum oldu ki, ATƏT-in Minsk qrupu münaqişənin həllinə deyil, onun uzanmasına xidmət edib:
“Əslində məqsəd o idi ki, münaqişə heç vaxt həll olunmasın, bu proses uzansın və onlar da diplomatik fəaliyyət adı altında səyahətlərini davam etdirsinlər. Axırda isə Azərbaycan bu münaqişəni heç bir təşkilatın köməyi olmadan özü həll etdi”.
Deputat qeyd edib ki, Azərbaycan və Ermənistanın rəsmi müraciətindən, Vaşinqtonda əldə edilən razılaşmalardan sonra hər iki ölkə ATƏT-ə müraciət etdi və nəticədə Minsk qrupunun ləğvi tamamilə məntiqli oldu:
“ABŞ və Fransa qəbul etdilər ki, bu gün Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq üçün real imkanlar yaranıb. Moskva da Vaşinqton və Parisin mövqeyinə qarşı çıxmadı”.
A. Mollazadə bildirib ki, hazırda Bakı və İrəvan sülh istiqamətində irəliləyir:
“Paşinyanın bu addımları cəsarətlə atmasının əsas səbəblərindən biri odur ki, Ermənistan ictimaiyyəti sülhü dəstəkləyir. Ermənilər müharibədən, Koçaryan və Sarkisyan kimi hərbi cinayətkarlardan yorulublar. Onlar artıq normal bir ölkə qurmaq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etmək istəyirlər. Mən düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa hazır olacaq. Hər şey düzgün istiqamətdə gedir.
Ermənistan hələ də iqtisadi baxımdan Rusiyadan asılıdır, amma Avropa İttifaqı çərçivəsində yeni tərəfdaşlar axtarır. Paşinyanın Türkiyəyə səfəri isə göstərir ki, Ermənistan həm Ankara, həm də gələcəkdə Bakı ilə yaxın iqtisadi əlaqələr qurmağa hazırdır.
Bu isə Ermənistanın xilas yolu, müstəqilliyini və kimliyini qorumağın yeganə yoludur”.
Deputat Hindistanın destruktiv mövqeyinə də toxunub:
“Hindistan uzun müddət Ermənistana silah göndərdi, münaqişənin gərgin qalması üçün əlindən gələni etdi. Bunun bir səbəbi Azərbaycanın Pakistanla müttəfiqlik münasibətlərinə qısqanclıq idi, digər səbəb isə Hindistanın İranla birlikdə regionumuzu kənar keçən kommunikasiya layihələrini irəli sürmək cəhdləri idi.
Ancaq ŞƏT sammiti bir daha göstərdi ki, Hindistan bu istiqamətdə tamamilə gücsüzdür. Dehli bölgədə gedən müsbət proseslərə təsir göstərə bilmədi. Bu isə Azərbaycanın qələbəsinin nəticəsidir. Bu gün Azərbaycan Ordusu təkcə regionda yox, dünyada da ən müasir hərbi qüvvələrdən biridir. Bakı ən yeni silahlarla təchiz olunub, dağlıq şəraitdə geniş döyüş təcrübəsinə malikdir. Hindistan isə sadəcə öz acizliyini və səriştəsizliyini nümayiş etdirdi”.
A. Mollazadənin sözlərinə görə, Azərbaycan həmçinin Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına da şərait yaradıb:
“Vaşinqton razılaşmalarından sonra Bakı-İrəvan münaqişəsi həll edildi və bunun fonunda Pakistanın Ermənistanla diplomatik münasibətlər qurması tamamilə məntiqli idi. İslamabad bütün Cənubi Qafqaz ölkələrində səfirlik açdı və bölgədə daha aktiv siyasi oyunçuya çevrildi”.
Rasim Babayev