Dünən

Professor: "Minsk qrupu artıq "ölü idi", indi isə ölüm kağızı verildi” - AÇIQLAMA

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq təcavüzkarı onun yuvasında – İrəvanda məhv etmək imkanından imtina etməklə Cənubi Qafqazı yeni problemlərin yaranmasından qorudu.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Azərbaycanın Moldova və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev söyləyib.

O, ATƏT-in Minsk qrupunun ləğvini Azərbaycanın növbəti diplomatik uğuru adlandırıb:

“Minsk qrupunun ləğvi sadəcə formal məsələdir, çünki əslində o, çoxdan ölmüşdü. Mən vaxtilə onu ‘ölü’, ancaq ‘ölüm kağızı’ verilməmiş qurum adlandırmışdım. İndi isə bu ölüm haqqında şəhadətnamə rəsmən verildi.

Əslində, Minsk qrupu özünə hökm oxudu, çünki məqsədləri ATƏT-in əsas prinsiplərinə zidd idi. Halbuki ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər bir sıra prinsiplər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının əsasını təşkil edir”. 

Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyəti dağıdıcı idi və İrəvanla Bakı arasındakı münaqişənin uzadılmasına xidmət edirdi: 

“Minsk qrupu bu prinsipləri pozur, onlara əməl etmirdi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunmasını tələb edən dörd qətnaməsinə göz yumurdu. Yəni Minsk qrupu həmsədrlərin – Rusiya, Fransa və ABŞ-ın subyektiv maraqlarından çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsini uzatmaq xəttini tutmuşdu. Bütün bunlar münaqişənin 30 il davam etməsinə gətirib çıxardı.

Azərbaycan isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayanda Minsk qrupu artıq “meyit” idi. Çünki onun burada edəcəyi heç nə qalmamışdı. Öz fəaliyyətsizliyi ilə Minsk qrupu özünə ölüm hökmünü özü imzaladı”. 

N.Əliyev qeyd edib ki, Minsk qrupunun Azərbaycanla Ermənistan arasında baş verən proseslərə qarışmaq üçün heç bir arqumenti qalmayıb.

“Minsk qrupunun ləğvinə həm də Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəsi, 2023-cü ilin sentyabrında isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi səbəb olub”, – deyə, professor vurğulayıb. 

Ekspertin fikrincə, bu gün Bakı növbəti diplomatik qələbəsini qeyd edir:

“Biz aydın dərk edirdik ki, başqa yol yoxdur. Axı baxın, sülh prosesi necə qurulurdu. O, qalib tərəfin – Azərbaycanın "mən aqressoru öz yuvasında – Ermənistanda məhv etmək hüququmdan istifadə etmək istəmirəm bəyanatı" ilə başladı. Niyə? Çünki bu, Cənubi Qafqaz üçün yeni problemlər yaradacaqdı. Bu, revanşizm meyillərinə, müxtəlif siyasi aspektlərdən doğan yeni sualların ortaya çıxmasına səbəb olacaqdı. Azərbaycan azadlıq müharibəsində qalib gəldikdən sonra sülh müqaviləsi imzalamağı təklif etdi. Bu sazişin hazırlanmalı olduğu beş prinsip irəli sürdü”. 

Keçmiş səfir əlavə edib ki, ilkin mərhələdə İrəvan Bakının konstruktiv yanaşmasına sərt müqavimət göstərirdi:

“Amma onlara izah edildikdən sonra ki, bu beş prinsip BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əksini tapıb, Ermənistanın Azərbaycanla razılaşmamaq üçün heç bir arqumenti qalmadı”. 

Rasim Babayev 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?