Bu gün

Ekspert: "ŞƏT sammiti Azərbaycanın qlobal rolunu göstərdi" - AÇIQLAMA

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Azərbaycanın qlobal geosiyasət və iqtisadiyyatda oynadığı mühüm rolu açıq şəkildə nümayiş etdirdi.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib. 

O bildirib ki, Prezident İlham Əliyevin Çində qarşılanma tərzi Azərbaycanın yeni formalaşan dünya nizamındakı xüsusi yerini göstərir:

“Bu, həm yeni tranzit imkanları, həm də artıq reallığa çevrilən beynəlxalq yollar baxımından mühüm mesajdır. ŞƏT sammiti Azərbaycanın yalnız regional yox, həm də qitə miqyasında rolunu ortaya qoydu. Bunu həm qonşu dövlətlər, həm də Çinin maraq göstərdiyi tranzit layihələr təsdiqləyir. Ötən il Bakı ilə Çin arasında imzalanmış strateji əməkdaşlıq sazişi də bu xəttin davamıdır".

Ekspert sammit çərçivəsində bir neçə “prorıv” addımın atıldığını qeyd edib:

“Ən vacib məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdür. Digər diqqətçəkən hadisə isə Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasıdır. Təbii ki, bu addım həm Azərbaycan, həm də Türkiyə ilə razılaşdırılıb və regiondakı münaqişədə Bakının və müttəfiqlərinin tam qələbəsini möhkəmləndirir”.

Onun fikrincə, İslamabadla İrəvan arasında münasibətlərin normallaşması Pakistanın bölgədəki mövqelərini daha da gücləndirəcək:

“Beləliklə, Azərbaycan–Türkiyə–Pakistan üçbucağı daha da möhkəmlənəcək. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq prosesini sürətləndirə bilər”. 

Rizvan Hüseynov Cənubi Qafqazda geosiyasi düzənin də kəskin dəyişdiyini vurğulayıb:

“Əvvəllər region siyasətini formalaşdıran əsas dövlət Rusiya idi, ikinci güc isə İran sayılırdı. Onlar faktiki olaraq Türkiyəni neytrallaşdırır, Qarabağ münaqişəsi üzərindən Azərbaycana təzyiq edirdilər. İndi isə vəziyyət 180 dərəcə dəyişib. Bu gün Azərbaycan–Türkiyə tandemi Rusiyanın və İranın mövqelərini arxa plana çəkib. Moskva yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqla Ermənistanla əlaqələrini yaxşılaşdıra bilər. Eyni zamanda, Türkiyənin regional statusunu qəbul etmək Rusiyanın öz maraqları üçün də vacibdir”.

Ekspert əlavə edib ki, Ermənistan da artıq seçimini etmək məcburiyyətindədir:

“Görünür, İrəvan artıq bu seçimi edib və özünü Bakı-Ankara blokunun üstünlük təşkil etdiyi düşərgəyə yaxın hiss edir. Bununla belə, Ermənistan hələ də Moskva və Tehranla münasibətlərini saxlamağa çalışır. Digər tərəfdən, Azərbaycanla İran arasında münasibətlər normallaşır. Prezident Pezeşkiyan bölgədə Azərbaycanın, Türkiyənin və digər oyunçuların yaratdığı yeni geosiyasi reallıqlara normal yanaşır”.

Rasim Babayev  

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?