Xəzərin geri çəkilməsi: Limanlar dayazlaşır, gəmilər risk altında

Dənizdə suyun azalması limanların dayazlaşmasına, gəmilərin qəbulunda çətinliklərə və yüklərin boşaldılması prosesində problemlərə yol açır.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.
O bildirib ki, bu, yalnız limanlarla məhdudlaşmır: "Azalan su səviyyəsi biomüxtəlifliyə də zərbə vurur, canlıların məhv olmasına, yeni adaların yaranmasına gətirib çıxarır. Daha təhlükəlisi isə Xəzərdə aparılan neft-qaz əməliyyatlarının da risk altına düşməsidir".
M. Babayev qeyd edib ki, məsələ təkcə Xəzərlə bitmir.
"Son 20 ildə dünyada buzlaqların təxminən 7 faizi əriməklə yoxa çıxıb. Ən çox ərimə isə Böyük Qafqazda müşahidə olunur və bu proses birbaşa Xəzərin su balansına təsir göstərir", - deyə, o əlavə edib.