Azərbaycan dünya texnologiya nəhənglərinin diqqət mərkəzində - ŞƏRH

Müasir dövrdə qlobal miqyasda fəaliyyət göstərən aparıcı texnoloji şirkətlər yalnız inkişaf etmiş ölkələrdə deyil, həm də yeni bazarlarda mövqelərini gücləndirmək niyyətindədirlər. Bu fonda belə şirkətlərin Azərbaycana maraqlarının da artan xətt üzrə inkişaf etməsi aydın şəkildə nəzərə çarpır. Ümumiyyətlə, Azərbaycan coğrafi mövqeyi, iqtisadi potensialı, dayanıqlı inkişaf strategiyası və rəqəmsal transformasiya istiqamətində atdığı addımlarla dünya texnoloji nəhənglərinin diqqət mərkəzinə çevrilməkdədir.
Avropa və Asiya bazarları arasında körpü rolunu oynayan ölkəmiz təkcə enerji resursları ilə deyil, həm də rəqəmsal infrastruktur imkanları ilə seçilir. Bu üstünlük beynəlxalq texnoloji şirkətlərin Azərbaycana marağını artırır, çünki burada həyata keçirilən hər bir layihə regionun digər ölkələrinə də çıxış imkanı yaradır. Bundan əlavə, Azərbaycanın sabit siyasi mühiti və təhlükəsizlik baxımından etibarlı məkan olması da xarici investorlar üçün mühüm amil sayılır. Dünyada bir çox texnologiya nəhəngi yeni bazarlara daxil olarkən məhz bu meyarlara üstünlük verir.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqəmsal iqtisadiyyat xüsusi hədəf kimi müəyyən olunub. Rəqəmsal transformasiya proqramlarının icrası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması, elektron hökumət xidmətlərinin genişləndirilməsi ölkənin texnoloji inkişafına yeni təkan verir. Bu istiqamətdə qəbul edilən dövlət strategiyaları xarici texnologiya şirkətləri üçün cəlbedici investisiya mühiti yaradır. Digər tərəfdən, ölkəmiz informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna böyük sərmayələr yatırır. Fiber-optik şəbəkələrin genişləndirilməsi, data mərkəzlərinin yaradılması, bulud xidmətlərinin inkişafı Azərbaycanı regional rəqəmsal mərkəzə çevirir. Ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən texnoparklar isə startapların və beynəlxalq şirkətlərin əməkdaşlığı üçün əlverişli platforma rolunu oynayır.
Bütün bunlar digər ölkələrlə yanaşı, Çinin aparıcı texnoloji şirkətlərinin də Azərbaycana marağını artırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin müxtəlif texnoloji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib. Onlar arasında “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri Ni Cen də olub. Görüşdə SOCAR və şirkət arasında alternativ və bərpaolunan enerji layihələrinə dair səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Hazırda “Energy China” ilə ölkəmiz arasında günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi, həmçinin tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarə olunması və fotovoltaik panellərin quraşdırılması sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilir.
Çinin texnologiya nəhəngləri arasında yer alan “Sichian Sunsync Photovoltaic Technology Co” şirkəti də Azərbaycana böyük maraq göstərir. Prezident İlham Əliyev bu şirkətin təsisçisi və sədri Sie İ ilə görüşüb. Ələt Azad İqtisadi Zonasında müasir texnoloji standartlara cavab verən Günəş panelləri istehsalı müəssisəsinin yaradılması məsələləri müzakirə olunub. İstehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı planlaşdırılır. Şirkətin rəhbəri Azərbaycanın əlverişli investisiya mühitini və Çinlə strateji tərəfdaşlığı nəzərə alaraq məhz ölkəmizdə investisiya qoymaq qərarı verdiklərini vurğulayıb.
Prezident İlham Əliyevin daha bir görüşü isə “CETC” (“China Electronics Technology Group Corporation”) korporasiyasının baş direktoru Cu Pen ilə olub. Görüşdə rəqəmsal texnologiyalar vasitəsilə idarəetmə sistemlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyi, kibertəhlükəsizlik və data tətbiqləri ilə bağlı əməkdaşlıq müzakirə olunub. Dövlət başçısının “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşündə isə Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı, Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində iştirak, metro stansiyalarının tikintisi, şəhər nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi və Abşerondakı göllərin bərpası ilə bağlı layihələr müzakirə edilib.
Bütün bunlar Çinin texnologiya şirkətlərinin Azərbaycana artan marağının yalnız bir neçə nümunəsidir. Son illərdə Azərbaycan ilə Çin arasında siyasi və iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkəmizin tranzit imkanlarının artması Çin şirkətlərinə Cənubi Qafqazda yeni bazarlara daxil olmaq imkanı yaradır. Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri, eləcə də Zəngəzur dəhlizi perspektivi Çin investorlarının Azərbaycana marağını daha da gücləndirir.
Hazırda Çin şirkətlərinin Azərbaycana marağı telekommunikasiya və rabitə texnologiyaları, elektron ticarət, rəqəmsal xidmətlər, süni intellekt və innovativ texnologiyalar, nəqliyyat-logistika kimi müxtəlif sahələri əhatə edir. Bu şirkətlər təkcə investisiya yatırmaqla kifayətlənmirlər, həm də yerli startaplarla əməkdaşlıq edərək mütəxəssislərin hazırlanmasına dəstək verirlər. Elektron ödəniş sistemləri, mobil tətbiqlər və “ağıllı şəhər” layihələrində Çin təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan üçün Çin texnologiya şirkətlərinin fəaliyyəti bir neçə üstünlük yaradır. Əvvəla, bu, informasiya-kommunikasiya infrastrukturunun modernləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə əlverişli zəmin yaradır. Digər tərəfdən, yerli mütəxəssislərin peşəkar inkişafı, elektron ticarətin genişlənməsi və innovasiya ekosisteminin möhkəmlənməsi kimi müsbət təsirlər də özünü göstərir. Çin şirkətləri isə Azərbaycan bazarında fəaliyyət göstərməklə yanaşı, Cənubi Qafqaz regionuna çıxış əldə edirlər.
Beləliklə, Çin texnologiya şirkətlərinin Azərbaycana marağı hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Qarşıdakı illərdə onların telekommunikasiya, süni intellekt, elektron ticarət kimi sahələrdə daha geniş fəaliyyət göstərəcəyi gözlənilir. Bu əməkdaşlıq Azərbaycanın innovativ inkişafına təkan verəcək, iqtisadi şaxələnməni gücləndirəcək və ölkənin qlobal rəqəmsal məkanla inteqrasiyasını sürətləndirəcək.
Ümumiyyətlə, Çin və digər texnologiya nəhənglərinin Azərbaycana artan marağı ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq, yeni iqtisadi imkanlar yaradacaq və Azərbaycanın rəqəmsal liderlər sırasında mövqeyini möhkəmləndirəcək.
MTM Analitik Qrupu