23 aprel

Orta Dəhliz: Azərbaycanın Yeni İpək Yolu üzərindəki liderlik missiyası - TƏHLİL

Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər və yeni iqtisadi reallıqlar beynəlxalq nəqliyyat və ticarət yollarına olan marağı artırıb. Bu fonda Azərbaycanın geostrateji mövqeyi və həyata keçirdiyi nəhəng logistika layihələri ölkəni Şərqlə Qərb arasında vacib tranzit və əməkdaşlıq mərkəzinə çevirib. Xüsusilə, Transxəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz bu baxımdan böyük əhəmiyyət kəsb edir və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində əsas dayaq nöqtəsinə çevrilib.

Azərbaycan və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq əsas prioritetlərdən biridir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış sənədlər arasında “Kəmər və Yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı və beynəlxalq multimodal daşımalar haqqında Saziş xüsusi yer tutur. Bu sənədlər Azərbaycanın “Qlobal Nəqliyyat Körpüsü” rolunu daha da gücləndirir.

2024-cü ilin martında Çinin Sian limanından yola düşən konteyner qatarının cəmi 11 günə Bakıya çatması bu dəhlizin sürətli və səmərəli alternativ olduğunu sübut etdi. Eyni zamanda, 2024-cü ildə Azərbaycan-Çin arasında tranzit daşımaların həcminin 86 faiz artaraq 378 min tona çatması da bu əməkdaşlığın dinamik inkişafından xəbər verir.

Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Qırmızı dənizdə baş verən təhlükəsizlik böhranları nəticəsində Şimal və Cənub dəhlizləri praktiki olaraq iflic vəziyyətə düşüb. Bu isə Orta Dəhlizin – Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzərindən keçən marşrutun – daha da aktuallaşmasına səbəb olub. Avropa İttifaqı, Çin və Cənub-Şərqi Asiya ölkələri bu dəhlizi həm iqtisadi səmərəlilik, həm təhlükəsizlik, həm də vaxt baxımından optimal hesab edirlər.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və artıq 60 faizindən çoxu tamamlanan Zəngəzur dəhlizi Orta Dəhlizə yeni nəfəs verəcək. Bu dəhliz Çindən və Mərkəzi Asiyadan Avropaya yüklərin daha qısa zamanda və multimodal ehtiyac olmadan çatdırılmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin inteqrasiyası ilə Azərbaycan ərazisindən illik 35 milyon ton əlavə yükün daşınması proqnozlaşdırılır.

Bununla yanaşı, Azərbaycan Bakı-Naxçıvan-Qars dəmir yolu layihəsi üzərində də çalışır ki, bu da ölkənin tranzit potensialını daha da artıracaq.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıqla yanaşı, Azərbaycanla Çin arasında alternativ və bərpaolunan enerji sahəsində də geniş əməkdaşlıq başlanıb. Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan sənədlər sırasında günəş və külək enerjisi ilə bağlı iri layihələr xüsusi diqqət çəkir. Gələcəkdə bu layihələr sayəsində Azərbaycanda yaşıl enerji istehsalı əhəmiyyətli dərəcədə artacaq, ölkə həm daxili tələbatını ödəyə biləcək, həm də yaşıl enerjini ixrac etmək potensialına malik olacaq.

BMT-nin COP29 sammiti çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair razılıq da bu istiqamətdə mühüm addımdır. Bu layihə, Azərbaycanın yaşıl enerjini hətta Çinə qədər ixrac edə bilməsi üçün real imkanlar yaradacaq.

Prezident İlham Əliyev və Çin Prezidenti Si Cinpin tərəfindən imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən dərin bir ittifaqa çevrildiyini göstərir. Bu sənəddə həmçinin Azərbaycanın “Bir Çin” siyasətinə dəstək verməsi və Çin tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi olaraq vurğulanır.

Bütün bu faktlar göstərir ki, Azərbaycan yalnız regionda deyil, bütün Avrasiya məkanında strateji nəqliyyat və enerji mərkəzinə çevrilməkdədir. Orta Dəhliz layihəsi və Çinlə genişlənən əməkdaşlıq bu rolu daha da möhkəmləndirir. Sürətlə dəyişən qlobal nizam içində Azərbaycan çevik diplomatiyası, iqtisadi vizyonu və infrastruktur layihələri ilə həm regional, həm də beynəlxalq miqyasda nüfuzunu artırmaqdadır.

TƏHLİL ANALİTİK QRUP 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?