Azərbaycan səfirliyinin avtomobili qəza törədib

Dünən gecə saatlarında Azərbaycan səfirliyinə məxsus avtomobil Vilnüs mərkəzində qəzaya səbəb olub.
Təhlil.az xəbər verir ki, bu barədə “Delphi” nəşri məlumat yayıb.
Litva Daxili İşlər Nazirliyinin bildirilib ki, saat 21:20 radələrində Vilnüs polisinə A.Goştauto küçəsində “VW Golf” və “VW Passat” markalı avtomobillərin toqquşması ilə bağlı məlumat daxil olub.
Rəsmi şəxslərin verdiyi məlumata görə, qəzanın səbəbkarı Azərbaycanın səfirliyinə məxsus “VW Passat” avtomobili olub. Hadisə yerində “VW Golf”un sürücüsü “Delphi”yə bildirib ki, o, A.Goştauto küçəsi ilə hərəkət edərək Y.Tumo-Vayjganto küçəsinə dönərkən, Y.Tumo-Vayjganto küçəsindən A.Goştauto küçəsinə doğru hərəkət edən “VW Passat” onun avtomobilinə çırpılıb.
Kişinin sözlərinə görə, “VW Passat” markalı avtomobildə olan sürücü və sərnişin içkili olublar və çox güman ki, yerlərini dəyişiblər. Məlum olub ki, sərxoş kişilər “VW Golf”un sürücüsü ilə "razılaşmağa" çalışıblar, lakin o, bundan imtina edib. Polis hadisə yerinə çatdıqda, “VW Passat”ı idarə etdiyi ehtimal olunan şəxsin qanında 1,4 promil spirt aşkar edilib. “VW Golf”un sürücüsü və faktiki sürücü kimi şahidlər tərəfindən tanınan şəxs isə tibbi müayinədən keçməkdən imtina ediblər.