07 avqust

Ermənistanın dövlət borcu hər gün artır - ARAŞDIRMA

Ermənistan hökumətinin yarıtmaz siyasəti nəticəsində iqtisadiyyatda qeydə alınan tənəzzül daha da sürətlənib. Paralel olaraq ölkənin xaricdən maliyyə asılığı getdikcə artır. Borcun məbləğinin hər ay artması isə ölkə iqtisadiyyatının böhrandan tam çıxa bilmədiyini göstərir. İqtisadiyyatı və inkişafı stimullaşdıran dövlət proqramlarının olmaması da bunların səbəblərindəndir. Əslində bütün ölkələrin dövlət borcu var. Amma problem bu borcun sürətli artım tempi və vəsaitlərdən effektiv istifadənin olmamasıdır.

Cari ilin may ayına dair göstəricilərə görə, Ermənistanın dövlət borcu artaraq 13,7 milyard dollara çatıb. Aprel ayında bu borc 13,6 milyard dollar idi və cəmi bir ay sonra 100 milyon dollar artım müşahidə olunub. Borc strukturunda ən böyük pay (13,2 milyard) hökumətin payına düşür, daxili borc xarici borcdan bir qədər yüksəkdir. Dövlət borcu məsələsi dəfələrlə müzakirə olunub, problem kreditin özündə deyil, vəsaitlərin təyinatı, istifadəsinin səmərəliliyində, gələcək dayanıqlı artımın təmin edilməsi üçün ilkin şəraitin yaradılmasında və son nəticədə xidmət baxımından büdcənin üzərinə düşən yükdədir.

Əslində, hazırkı hökumət dövründə dövlət borcu 2017-ci ildəki 6,7 milyard dollardan 13,7 milyard dollara yüksəlib. Əhalinin sayını nəzərə alsaq, məlum olur ki, Ermənistanın hər bir vətəndaşının 4400 dollardan çox borcu var. Digər böyük problem və tendensiya vətəndaşların birbaşa borc öhdəlikləri daşımasıdır. Xüsusilə, Mərkəzi Bankın kommersiya banklarının kredit portfeli ilə bağlı açıqladığı statistika banklardan götürülmüş kreditlərin həcminin də artdığını göstərir.

Bu borcu yaradan amillər də sırf iqtisadi inkişaf və iş yerlərinin olmaması ilə əlaqədardır. Orta və kiçik biznesin iflası iş yerlərinin azalmasına səbəb olur. Dolayı yolla, büdcəyə vergi daxilolmalarının azalması büdcə kəsirinin artmasına, hökumətin xaricdən yeni kredit və borc götürməsinə səbəb olur. Eyni zamanda qızılın reeksportunun kəskin azalması da Ermənistan dövlətinin gəlir səviyyəsinin enməsinə səbəb olur. Paralel olaraq qeyd etmək lazımdır ki, iş adamı Samvel Karapetyanın həbsi də Ermənistanın biznes mühitinə ciddi təsir edib. Belə bir tendensiya isə xarici kapitalın azalmasına səbəb olur, sərmayədarlar üçün erməni dövlətinin ciddi və maraqlı məkan olmadığını üzə çıxarır. Bu isə ölkədə olan xarici kapitalın digər ölkələrə, xüsusən də qonşu ölkələrə köçürülməsi, Ermənistanda biznes qurmaq istəyən şəxslərin planlarını yenidən dəyərləndirməsi deməkdir. Bu halın artıq sürətlənməsi Ermənistanın biznes mühitinin əlverişsiz olduğunu göstərir. Bu isə yaxın vaxtlarda büdcə kəsiri ilə üzləşən hökumətin yeni borc və kreditlər götürəcəyinə işarə edir. Qısacası, Paşinyan komandasının yarıtmaz siyasəti ölkəni borc bataqlığına sürükləməkdə davam edir.

Hikmət Həsənov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?