Peskov: “Bakı ilə daimi əlaqədəyik, vətəndaşlarımızı tək qoymarıq”

“Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Azərbaycan Baş prokuroru Kamran Əliyevlə daimi əlaqədədir və tərəflər problemli hesab olunan məsələləri müzakirə edirlər”.
Təhlil.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Bakıda saxlanılan Rusiya vətəndaşlarının görüntülərindən də danışıb. O vurğulayıb ki, Rusiya həmin şəxslərin hüquq və maraqlarını qorumaq üçün bütün mövcud imkanlardan istifadə edəcək.
Kremlin sözçüsü qeyd edib ki, Moskva öz vətəndaşlarının müdafiəsi məsələsində prinsipial mövqe tutur və bu məsələdə ardıcıl və qətiyyətli şəkildə davranacaq.
Xatırladaq ki, iyulun 1-də Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.