“Zəngilan” tankeri ilə 1 ildə 266 min 654 ton yük daşınıb

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş “Zəngilan” tankerinin istismara verilməsinin bir ili tamam olur.
Təhlil.az ASCO-nun məlumatına istinadla xəbər verir ki, istismarda olduğu ilk ildə “Zəngilan” tankeri Alaca – Səngəçal marşrutu üzrə 39 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə ümumilikdə 266 min 654 ton yük daşınıb.
“Zəngilan”-ın uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü 6 metr təşkil edir. 9212 kubmetr ümumi tutumlu 6 yük çəni, 7875 ton dedveyt, 10 knot sürət və beynəlxalq tələblərə uyğun yüksək standartlar bu gəmini texniki cəhətdən qabaqcıl nümunəyə çevirir.
“Zəngilan” həm neft, həm də kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulub. Tankerin suya oturumu maksimum yüklə belə Xəzər hövzəsində dayaz limanlara daxil olmağa və Xəzərdənkənar sularda istismar olunmağa tam imkan verir.
Qeyd edək ki, tanker Prezident İlham Əliyevin iştirakı ilə məhz ötən il iyulun 2-də istismara verilmişdi.