Ekspert: AZAL təyyarəsi və Yekaterinburq hadisələri eyni zəncirin halqalarıdır - RƏY

“Yekaterinburqda baş verənlər tək hadisə deyil, sistemli şəkildə yürüdülən siyasətin nəticəsidir”. Bu fikirləri təhlil.az saytına açıqlamasında “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev deyib.
Onun sözlərinə görə, Rusiya təhlükəsizlik orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat bir neçə ay əvvəl baş verən AZAL təyyarəsi hadisəsi ilə eyni zəncirin halqalarıdır.
“2024-cü il dekabrın 25-də Qroznı üzərində vurulan təyyarəyə Moskva hələ də rəsmi və dəqiq cavab verməyib. Halbuki, bu hadisədə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Azərbaycan təyyarəsinin vurulması və qəhrəman ekipajın bir çox sərnişini xilas etməsi ciddi beynəlxalq insidentdir. Amma məsələ ört-basdır edildi”.
Baş redaktor həmçinin qeyd edib ki, son dövrlər Azərbaycan deputatlarının Rusiya ərazisinə buraxılmaması, Azərbaycan mediasına qarşı kiberhücumlar və Rusiya telekanallarında açıq-aşkar qərəzli çıxışlar, xüsusilə də Solovyovun “Artsax” ifadəsini təkrar-təkrar səsləndirməsi rəsmi Bakıya qarşı yönəlmiş gizli informasiya kampaniyasının mövcudluğuna işarədir.
E. Mustafayev Rusiyada yalnız azərbaycanlılara deyil, eyni zamanda qırğız və özbək əsilli şəxslərə qarşı da reydlərin keçirildiyini vurğulayaraq bunu Rusiya daxilində şovinist və milli ayrı-seçkilik meyillərinin artması kimi qiymətləndirib.
“Yekaterinburqda baş verənlər təsadüfi deyil. Bu əməliyyatın arxasında Kremlin müəyyən qrupları dayanır və bəzi dairələr bunu “baş qüllənin” xəbəri olmadan baş verdiyini iddia edir. Amma bu, reallığı əks etdirmir. Amma bu ola bilməz. Miqrant siyasəti, ictimai kampaniyalar və belə əməliyyatlar şəxsən onun nəzarətindədir– deyə, Mustafayev fikrini tamamlayıb.
Rasim Babayev