Ruslar təyyarəmizi BELƏ VURUB - GÖRÜNTÜLƏR İLK DƏFƏ YAYILDI - VİDEO

AZAL təyyarəsinin vurulması ilə bağlı anonim məktub göndərilib.
Təhil.az xəbər verir ki, Minval.az-ın redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznı yaxınlığında vurulan AZAL-a məxsus Embraer E190 təyyarəsi ilə bağlı sensasiyalı materiallar daxil olub. Mənbənin anonim olaraq göndərdiyi məktubda Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə təyyarəyə atəş açıldığı iddia edilir. Məktuba Hava Hücumundan Müdafiə (HHM) kapitanının izahatı, video və audioyazılar, həmçinin texniki nasazlıqlarla bağlı detallı məlumatlar da əlavə olunub.
İzahatda kapitan Dmitri Sergeyeviç Paladiçuk özünü HHM-nin 274 nömrəli döyüş maşınının komandiri və döyüş hesablamasının rəhbəri kimi təqdim edir. O bildirir ki, dekabrın 24-dən 25-nə keçən gecə Qroznının müdafiəsi üzrə döyüş növbətçiliyində olub. 25 dekabr saat 05:40-da birinci hazırlıq vəziyyətinə keçmək əmri aldığını və 05:48-də mobil telefon vasitəsilə bu barədə məlumat verdiyini qeyd edir. Onun sözlərinə görə, ərazidə sabit rabitə vasitəsi olmayıb, optik-kabel xətləri çəkilsə də terminala qoşulmayıb və rəqəmsal telefon da olmayıb.
Saat 08:11-də radar vasitəsilə mümkün hədəf müəyyən olunub və izləməyə götürülüb. Saat 08:13-də hədəfin koordinatları yenilənərək üst rəhbərliyə çatdırılıb. Bundan sonra mobil telefon vasitəsilə təyyarənin vurulması əmrinin verildiyi bildirilir. Güclü duman səbəbindən vizual təsdiq mümkün olmayıb. Saat 08:13:30-da birinci raket buraxılıb, 17 saniyə sonra hədəfin vurulmadığı bildirilib və dərhal ikinci raketlə təkrar atış əmri verilib.
Məktubda qeyd olunur ki, raket parçaları nəticəsində təyyarə zədələnib.
Minval.az məktubun həqiqiliyini təsdiqləyə bilmədiyini, lakin sənədin mühüm əhəmiyyətə malik olduğunu və yarım ildir davam edən istintaqla bağlı Azərbaycan hüquq-mühafizə orqanları üçün potensial faydalı ola biləcəyini vurğulayır.
Bundan əlavə, məktubun məzmununu təsdiqləyən üç səsli mesajın da redaksiyaya təqdim edildiyi bildirilir. Bu mesajlarda əmrin verildiyi, iki dəfə atəş açıldığı və raket qəlpələrinin təyyarəyə ziyan vurduğu səsləndirilir.
Redaksiya bu məlumatların ciddi araşdırmaya ehtiyacı olduğunu və müvafiq orqanların bu fürsəti əldən verməyəcəyini qeyd edir.