Azərbaycan 15 milyard dollarlıq bərpa planını açıqladı

Azərbaycan hökuməti bu günə qədər işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün 15 milyard ABŞ dolları sərmayə yatırıb.
Təhlil.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Konfransı (FFD4) çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu vəsait “Böyük Qayıdış” proqramı çərçivəsində yatırılıb və məqsəd yarım milyona yaxın məcburi köçkünün öz doğma torpaqlarına qayıdışına şərait yaratmaqdır.
“Azərbaycan bu ərazilərdə təhlükəsizlik, yaşayış və infrastruktur baxımından normal həyat qurmaq üçün böyük maliyyə resursları sərf edir,” – deyə Şərifov qeyd edib.
Azərbaycan hökumətinin apardığı qiymətləndirməyə əsasən, Ermənistanın işğalı nəticəsində ölkəyə ümumilikdə 150 milyard dollar həcmində ziyan dəyib. Bu məbləğin 25 milyard dolları və ya 15%-dən çoxu isə mina və partlamamış sursatların yaratdığı təhlükələrə aiddir.
Samir Şərifov bildirib ki, ərazilərin tam minatəmizlənməsi 30 ilə qədər vaxt apara bilər. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib.
Bundan əlavə, Azərbaycan minatəmizləmənin BMT-nin 17-ci Qlobal Məqsədinə əlavə edilməsi təşəbbüsü ilə çıxış edib və digər dövlətləri də bu yanaşmanı dəstəkləməyə çağırıb.