Bu gündən müavinət və təqaüdlər artırılıb

Prezident İlham Əliyevin Fərmanına əsasən, növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində bu gündən - iyulun 1-dən müavinət və təqaüdlər artırılıb.
Təhlil.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadla xəbər verir ki, artırılan müavinət və təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən olunub:
Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat;
Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) - 600 manat;
- 61-80 faiz pozulmasına görə (II dərəcə) - 500 manat;
- 31-60 faiz pozulmasına görə (III dərəcə) - 400 manat;
- Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü – 2 min 200 manat;
- Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü – 2 min manat;
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manat;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 600 manat;
- Dəfn üçün birdəfəlik müavinət - 600 manat;
- Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
- 0-6 yaş arası uşaq üçün - 500 manat;
- 7-13 yaş arası uşaq üçün - 600 manat;
- 14-18 yaş arası uşaq üçün - 650 manat;
Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) - 300 manat;
- 61-80 faiz pozulmasına görə (II dərəcə) - 250 manat;
- 31-60 faiz pozulmasına görə (III dərəcə) - 180 manat;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü - 350 manat;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü - 250 manat;
- Övladlığa götürülən hər uşağa görə aylıq müavinət - 240 manat;
- Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) - 140 manat;
- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət - 140 manat;
- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət - 140 manat;
- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manat;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manat;
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü - 120 manat;
- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
- “Xalq” fəxri adına görə - 300 manat,
- “Əməkdar” fəxri adına görə - 200 manat.
Beləliklə, müavinət və təqaüdlərində artımlar edilmiş vətəndaşlar artıq bu aydan həmin ödənişlərini artırılmış məbləğlərdə alacaqlar.
Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb.
Xatırladaq ki, dövlətimizin başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
Bu ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.