Rusiyanın imperial ambisiyaları özünə qarşı çevrilir - MƏQALƏ

Rusiyanın postsovet ölkələri ilə münasibətdə həyata keçirdit siyasət sözügedən məkanda Moskvaya qarşı heç də müsbət olmayan münasibətin formalaşmasına gətirib çıxarıb. Eyni zamanda digər ölkələr və təşkilatlarla da Rusiyanın əlaqələrində bilavasitə Kremlin özündən qaynaqlanan çoxsaylı problemlərin olması hər keçən gün özünü daha qabarıq surətdə büruzə verir. Məhz bütün bunların nəticəsidir ki, Rusiya indi dünyada ən çox sanksiyaya məruz qalan ölkədir və faktiki olaraq, beynəlxalq təcrid vəziyyətindədir. Bu ölkənin ənənəvi mütəffiqləri hesab olunan Çin, Hindistan kimi ölkələr belə Rusiya ilə münasibətlərində məsafəli mövqe sərgiləməyə getdikcə daha çox diqqət yetirirlər.
Postsovet ölkələrinə gəlincə, Rusiyanın burada da mövqeyi zamanla daha aşağı həddə düşür, sürətlə zəifləyir. Yenə də bütün buna səbəb bilavasitə Rusiyanın özündən, imperiya ambisiyalarından qaynaqlanır. Rusiya bu məkandakı ölkələrə “böyük qardaşlıq” etmək kimi cəfəng xülyalarından hələ də əl çəkə bilmir. Ukrayna ərazilərinin silah gücünə ilhaqı, bu ölkəyə qarşı ən dəhşətli müharibə cinayətlərinin törədilməsi qeyd edilənlərin faktiki nümunələrindən biridr. Görünən odur ki, Rusiyanı idarə edənlər hələ də keçmişdə ilişib qalaraq dövün reallıqları, tələbləri ilə ayaqlaşa bilmirlər. Nəticədə itirən Rusiyadır. Hadisələrin inkişaf axarı indiki siyasəti ilə Rusiyanın beynəlxalq təcrid vəziyyətini daha da dərinləşdirəcəyini, nüfuz, mövqe itkisinin intensiv templə davam edəcəyini göstərir. Bütün bunlar Rusiya üçün yeni problemlər, daxili səbatsızlıq deməkdir. Elə indinin özündə də Rusiya daxilində heç də hər şey hakimiyyət rəsmilərinin iddia etdiyi kimi rəvan getmir. Əksinə, bu ölkədə şovinizm, diskriminasiya siyasəti Rusiya daxilində saatlı bombaya çevrilməkdədir.
Rusiyanın bu vəziyyətdə olmasının kökü elə SSRİ-nin dağılması dönəminə təsadüf edir. Məhz həmin vaxt Rusiya rəhbərliyinin xeyir-duası, ordusunun bilavasitə yardımı ilə Ermənistan Azərbaycan ərazilərini işğal edə bildi, xalqımız 20 Yanvar, Xocalı soyqırımı və digər qanlı faciələr yaşamalı oldu. Digər bir sıra postsovet ölkələri də Rusiyanın fitnə-fəsadlarının, silahlı müdaxiləsinin acılarını yaşamalı oldu. Ötən dövr ərzində Kremlin siyasətində demək olar ki, hansısa dəyişiklik olmayıb. 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı təcavüz bunun əyani təsdiqidir. Sanksiya təzyiqi, iqtisadi tənəzzül və döyüşlər zamanı əhəmiyyətli itkilər Moskvanın şovinist, irticaçı siyasətini hələ də dəyişməyib. Son günlər Rusiyada azərbaycanlılara, gürcülərə, özbəklərə, taciklərə və digər milli azlıqlara, miqrantlara qarşı törədilən cinayətlərin yenidən şiddətlənməsi, bunun rəsmi qurumlar tərəfindən həyata keçirilməsi bunun faktiki sübutlarından biridir. Yekaterinburqda soydaşlarımıza qarşı baş verənlər Rusiyada şovinizmi səngimək əvəzinə daha da şiddətləndiyini göstərir. Yekaterinburqda azərbaycanlılara qarşı hadisəni şərh edən Qazaxıstanın tanınmış jurnalist-tədqiqatçısı, publisist və “Altın Orda” media qrupunun rəhbəri Serik Maleyev prosesə olduqca sərrast qiymət verib: “Problem ondadır ki, biz əsl səbəbi dərk etmədən nəticə ilə üzləşirik. Səbəb isə dövlət quruluşunun özündə və Rus İmperiyasından miras qalan ideologiyadadır. Millətlərarası kəskin münaqişələr səbəbindən Sovetlər Birliyinin dağılmasından sonra sistem sarsıldı və nəticədə Qorbaçov hakimiyyətdən getdi. SSRİ dağıldıqdan sonra Rusiyada yeni dövlət ideologiyası formalaşdı: “rus dünyası”nı digər xalqlara sırımaq üzərində qurulan bir ideologiya. Bu konsepsiya çərçivəsində keçmiş ittifaq respublikaları müvəqqəti olaraq nəzarətdən çıxmış ərazilər kimi qəbul olunur və yenidən Moskvanın nəzarətinə qaytarılmalı sayılır. Bu cür düşüncə tərzi avtomatik olaraq milli azlıqlara və digər xalqlara qarşı dözümsüzlük yaradır. “Rus icmaları” hüquq-mühafizə orqanları üçün əlverişli alətə çevrilib, belə ki, bu yolla bizneslərə təzyiq göstərmək və qazanc əldə etmək asan olur. Dövlətin maraqları onları maraqlandırmır, əsas şəxsi mənafelərdir”.
Rusiyanın belə naqis siyasəti nəticəsində Cənubi Qafqazda region ölkələrinin alternativ xarici siyasət vektorlarına doğru nəzərəçarpacaq dərəcədə yenidən istiqamətlənməsi müşahidə olunur və bu, təbii xarakter daşıyır. Azərbaycan əvvəlcədən tamamilə müstəqil siyasət yürüdüb, Rusiyanın ərazimizdə yaratdığı Qarabağ problemi də ölkəmzin iradəsinə təsir etməyib. İkinci Qarabağ müharibəsində qazanılan qələbəni isə təkcə Ermənistanda yox, elə Rusiyada da həzm edə bilmirlər. Amma Rusiyanın bütün bu yanaşmaları əbəsdir, daha çox Kremlin özünə zərər edir.
Ənənəvi olaraq Rusiyanın regionda əsas müttəfiqi hesab edilən Ermənistan Moskvanın hərəkətlərindən getdikcə daha çox narazıdır. Bu ölkədə Rusiya əleyhinə əhval-ruhiyyənin artması, Ermənistanın Qərblə əməkdaşlığının intensivləşməsi Moskvadan gələn bütün xəbərdarlıqlara baxmayaraq, geridönməz bir prosesə çevrilib. Ermənistan Kremllə münasibətlərin pisləşməsi risklərinə baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərində iştirakını dayandırıb və Roma Statusunu ratifikasiya edib.
2008-ci il müharibəsindən sonra Rusiyaya inamını itirən Gürcüstan ardıcıl olaraq Qərblə, ilk növbədə Aİ və NATO ilə əlaqələri gücləndirir. Tbilisi ilə Moskva arasında iqtisadi sahədə münasibətlər müəyyən qədər bərpa olunsa da, Rusiyanın hazırkı beynəlxalq təcrid fonunda siyasi məsafə qalmaqdadır və hətta artır. Oxşar tendensiyalar Mərkəzi Asiyada da müşahidə olunur. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və regionun digər ölkələri Rusiyanın təsirini Çin, Türkiyə, Aİ və ABŞ ilə aktiv təmaslarla balanslaşdıraraq çoxvektorlu xarici siyasətə can atır. Buradakı ölkələrin Ukraynadakı münaqişə ilə bağlı bitərəfliyini açıq şəkildə bəyan etməsi və Rusiyanın “yeni ərazilərini” tanımaqdan imtina etməsi xüsusilə əlamətdardır. Bundan əlavə, region ölkələri Rusiya mərkəzli strukturlar çərçivəsindən kənarda regional ittifaqları gücləndirməyə başlayıblar. Türk Dövlətləri Təşkilatı və digər formatlar çərçivəsində təşəbbüslər Mərkəzi Asiya dövlətlərinə əvvəlki onilliklərlə müqayisədə daha müstəqil fəaliyyət göstərməyə imkan verir. Bu gün SSRİ-nin yenidən bərpası məqsədilə qurulan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Rusiyanın inteqrasiya strukturları da öz əhəmiyyətini itirir. Getdikcə daha çox üzv ölkə Moskvanın aparıcı rol oynadığı bu təşkilatlarda iştirakın məqsədəuyğunluğuna şübhə etməyə başlayır.
Xarici çağırışlarla yanaşı, Rusiyanın daxili problemləri də nüfuz və mövqe itirilməsinə səbəb olur. İqtisadi durğunluq, siyasi repressiyalar, yüksək ixtisaslı mütəxəssislərin mühacirəti və avtoritarizmin yüksəlişi Rusiya modelinin təhlükəsini ortaya qoyur. Nəticədə Rusiya getdikcə postsovet məkanında öz mövqeyini və təsirini daha sürətlə itirir. Region ölkələri daha böyük müstəqillik əldə etməyə və xarici siyasət tərəfdaşlarının şaxələndirilməsinə çalışırlar. Cənubi Qafqaz bu proseslərin bariz nümunəsidir, burada Moskvanın rolu artıq həlledici hal kimi qəbul edilmir. Xüsusən də Azərbaycanın regiondan son beş ildə yaratdığı yeni realıqlar burada tamam fərqli mənzərə formalaşdırıb. Rusiyanın birqütblü təsirini beynəlxalq münasibətlərin daha mürəkkəb və çoxvektorlu sistemi əvəz edir. Bu sistemdə Moskvanın əvvəlki mövqeyini saxlaması artıq mümkünsüz hesab olunur.
MTM Analitik Qrupu