Daha bir avtobus zolağında minib-düşürmə yeri yaradıldı

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) xüsusi yer təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Bu barədə "Unikal"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edək ki, bundan əvvəl Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.