Bu gün

NATO yeni təhlükəsizlik mərhələsinə keçir: Hədəf 5% müdafiə büdcəsi - TƏHLİL

Haaqada keçirilən NATO sammiti qlobal təhlükəsizlik arxitekturasının yenidən qurulması baxımından tarixi əhəmiyyət daşıyır. Hazırda Şimali Atlantika Alyansı bir neçə cəbhədən təhdidlərlə qarşı-qarşıyadır və bu kontekstdə Haaqa sammiti alyansın strateji dayanışma və cavab mexanizmlərinin yenilənməsi baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir. Sammitin gündəliyində yer alan əsas məsələlər arasında Rusiyanın təhdidləri, Ukraynaya davamlı dəstək, Avropa müdafiəsinin gücləndirilməsi, süni intellektin hərbi-strateji sahələrdə rolu və kiberhücumlara qarşı kollektiv tədbirlər xüsusi yer tutur.

ABŞ Prezidenti Donald Trump NATO ölkələrinin müdafiə büdcələrini ÜDM‑in 5 faizinə çatdırmağı məqsəd qoyub. Xüsusilə Niderland, Almaniya, Böyük Britaniya, Fransa və Polşa planı dəstəkləyir, lakin İspaniya və Slovakiya bunun real olmadığını iddia edərək müqavimət göstərirdi. Lakin sammitdə razılaşma 5 faiz hədəfinin 2035‑ci ilə qədər həyata keçirilməsi şərti ilə verildi. Sammitin gündəmindəki digər məsələ Rusiyadan qaynaqlanan təhdidlər idi. NATO generalları Rusiyanın yenidən güc toplama riski olduğunu qeyd edərək səyləri artırmağın vacibliyini vurğuladılar. Bununla yanaşı, təhlükəsizlik strukturuna “30 günə 300 000 əsgər” hədəfi də daxil edildi. ABŞ‑nin İrandakı nüvə obyektlərinə hücumları və İranın Qətərdəki ABŞ bazasına zərbəsi, Trampın regionda atdığı addımlar da sammitin əsas müzakirə mövzuları arasında idi. Bu zirvə görüşündə İran-İsrail müharibəsinə yönəlmiş addımlar NATO-nun təhlükəsizliyi baxımından prioritetləşdirildi. Qərara alındı ki, hədəf müdafiəyə sərf edilən büdcənin 3,5 faizi ənənəvi silahlara, 1,5 faizi isə kibermüdafiə və strateji infrastruktura ayrılsın. Maraqlı məqam ondan ibarətdir ki, sammitdə Rusiya təhlükəsi ilə bağlı NATO-nun yeni strategiyası qəbul edilməli olsa da bu, Vaşinqtonun tələbi ilə ləğv edildi. Liderlər səviyyəsində NATO-Ukrayna Şurasının iclası da proqramdan çıxarıldı.

Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlər arasında ən çox diqqətçəkən Amerika və Türkiyə prezidentlərinin görüşü idi. Donald Trampla Rəcəb Tayyib Ərdoğanın görüşünün ana maddəsini İran-İsrail müharibəsi təşkil edirdi. Prezident Ərdoğan Trampın regionda əldə etdiyi İran-İsrail atəşkəsini alqışlayaraq bunun davamlı olmasını arzuladı. Bundan başqa, Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatdırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyi dövlət başçılarının əsas müzakirə mövzuları olub. Görüşdə iki ölkə arasında hərbi‑sənaye əməkdaşlıqlarının genişləndirilməsi də diqqət mərkəzində olub. Ərdoğanın bildirdiyinə görə, Türkiyə-ABŞ hərbi‑sənaye əlaqələrinin dərinləşdirilməsi qarşıdakı illərdə ticarət həcmini 100 milyard dollara çatdıra bilər. Buradan da görünür ki, Amerika-Türkiyə koordinasiyası və güclü strateji dialoq ikitərəfli münasibətlərdə yeni mərhələnin təməlini qoyur. Birgə layihələr, F‑35-lərin alınması, hava müdafiə sistemlərinin möhkəmləndirilməsi və texnologiya transferləri gələcəkdə Türkiyənin strateji müstəqilliyini artırmaqla yanaşı, NATO daxilində inteqrasiyanı da möhkəmləndirə bilər. Bununla yanaşı, İran-İsrail, Suriya və hətta Ukrayna məsələlərində ABŞ-Türkiyə əməkdaşlığı digər NATO üzvləri üçün də nümunəvi təsir yaradar, alyansın daha çevik strateji addımlar atmasını şərləndirər. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Haaqa sammiti NATO-nun öz prioritetlərini real təhlükələrə uyğunlaşdırdığı, yeni texnologiyalar və strateji əməkdaşlıqlarla gələcəyə hazırlaşdığı bir mərhələdir. Rusiya təhdidlərinə qarşı sərt mövqe, süni intellekt və kiber sahələrdə yeni yanaşmalar, eyni zamanda ABŞ-Türkiyə dialoqunun bərpası NATO-nun həm hərbi, həm də siyasi baxımdan daha çevik bir qurum kimi fəaliyyət göstərmək niyyətində olduğunu sübut edir.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?