Ermənistanda seçki ərəfəsində iqtisadi fiasko: 4 ayda 4200 şirkət bağlandı - ŞƏRH

Nikol Paşinyan komandası seçki ili ərəfəsində hökumətin misilsiz nailiyyətlərindən, yeni iş yerlərinin yaradılmasından, yüksək maaş artımlarından danışır. Hakim partiyanın nümayəndələri tez-tez çıxışlarında insanları indi əvvəlkindən qat-qat yaxşı yaşadıqlarına inandırmağa çalışır. Amma real həyatda, real biznes mühitində və Ermənistan iqtisadiyyatında fərqli mənzərə hökm sürür. Statistik məlumatların və erməni mediasının analizi göstərir ki, real Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir, biznes dairələri isə sürətlə kiçilir. Rəsmi məlumata görə, təkcə cari ilin ilk 4 ayında Ermənistanda 4201 şirkət bağlanıb. Statistika göstərir ki, ötən ilin sonunda Ermənistanda 70 560 şirkət fəaliyyət göstərdiyi halda, bu ilin aprel ayında rəqəm 66 359-a qədər azalıb. Dörd ay ərzində fəaliyyət göstərən şirkətlərin demək olar ki, 6 faizi bağlanıb. Bu isə hər ay yüzlərlə şirkətin bağlanması deməkdir. Yenə rəqəmlərə müraciət edək: yanvar ayında 1289 şirkət, fevralda 1717 şirkət, martda 599 şirkət, apreldə 596 şirkət fəaliyyətini dayandırıb.
Bütün bunlar Ermənistanda qeyri-sağlam atmosferdən və biznes fəaliyyəti üçün yaradılmış qeyri-bərabər şəraitdən xəbər verir. Şirkətlərin bağlanması on minlərlə işsiz adam deməkdir. Sözügedən firmalar isə hakim partiyaya yaxın şəxslər tərəfindən sıxışdırılır, bağlanır və ya sahibinin əlindən alınır.
Maraqlıdır ki, bağlanan şirkətlər əsasən kiçik və orta biznes sektorunda fəaliyyət göstərib. Bunun əsas səbəblərindən biri də vergi yükünün ikiqat artırılmasıdır. İlin əvvəlində Paşinyan hökuməti vergiləri artırmaq barədə qərar verdi. Həftələrlə paytaxt İrəvanda etiraz aksiyaları keçirilsə də, mitinqçilər istəklərinə nail ola bilmədilər. Nəticədə vergi siyasəti kiçik və orta sahibkarlıq fəaliyyətinin kütləvi şəkildə dayanmasına gətirib çıxardı.
Yuxarıda da qeyd edildiyi kimi, son dörd ayda 4201 şirkət bağlanıb və burada işləyən 4,2 mindən çox insan ya iş axtarır, ya da evdə oturub. Bu isə Ermənistandan növbəti köç dalğasına səbəb ola bilər. İşsizliyin və iqtisadiyyatın tənəzzül yaşadığı bir mühitdə yoxsulluqla mübarizə aparmağın ən optimal yolu Rusiya və digər ölkələrə iş üçün üz tutmaqda görülür. Bu, Ermənistanın həm genefonduna, həm də demoqrafik artımına mənfi təsir edir.
Rəsmi rəqəmlərə baxdıqda isə görünür ki, son beş ayda Ermənistanda cəmi 19 nəfərlik iş yeri artıb. Bu da hakim partiyanın açıqlamalarının cəfəngiyyat və nağıldan ibarət olduğunu sübut edir.
İş yerlərinin bağlanması təhlükəli iqtisadi siyasət olmaqla yanaşı, özü ilə ciddi sosial problemlər də gətirir. Kiçik biznes sosial biznesdir. Onun vasitəsilə kiçik sahibkarlar həm özlərini işlə təmin edirlər, həm də yaşamaq üçün müəyyən gəlir əldə edirlər. Bu imkandan məhrum olmaq isə ciddi sosial problemlər yaradır. Bu sahədə maaş azalması da qeydə alınıb. Məsələn, ötən ilin aprel ayında kiçik biznesdə orta aylıq əməkhaqqı 146,9 min dram idisə, cari ilin aprel ayında 140,9 min dram olub. Bu isə o deməkdir ki, kiçik və orta sahibkarlıqla məşğul olanlar əvvəlki illə müqayisədə 6 min dram az gəlir əldə edir. Bu sektorda çalışanların sayı isə 144.2 min nəfərdir.
May ayında Ermənistanda 12 aylıq inflyasiyanın 4,3 faizə çatması, ərzaq məhsullarında qiymətlərin 7,4 faiz bahalaşması, bir çox mallarda bahalaşmanın 20 faiz, bəzən daha çox olması ciddi narazılıq və problemlərə yol aça bilər. Bu bahalaşma və inflyasiya qarşısında gəliri artmaq əvəzinə azalan əhali ya ölkəni tərk edəcək, ya da müxalifətə qoşularaq küçə yürüşlərinə çıxacaq. Bu isə seçki ərəfəsində Nikol Paşinyan hakimiyyəti üçün arzuedilən ssenari deyil.
Hikmət Həsənov