Savaş bitdi, amma qorxu bitmədi: Yaxın Şərqdə növbəti addım nə olacaq? - TƏHLİL

İran-İsrail qarşıdurması və ABŞ-nin münaqişəyə qoşulması ilə bölgədə bir neçə gün ərzində baş verənlər təkcə hərbi deyil, həm də geosiyasi baxımdan mühüm siqnallar verdi. İyunun 22-də başlayan eskalasiya gözlənildiyi kimi sürətlə yayılsa da, onun üç gün ərzində “Tramp diplomatiyası” ilə qəfil dayandırılması ciddi suallar doğurur. Bu, həqiqətənmi müharibənin sonudur, yoxsa sadəcə, daha böyük qarşıdurma öncəsi fasilədir?
ABŞ-İran toqquşması Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirilən zərbələrlə qısa, amma təsirli bir eskalasiya yaratdı. ABŞ bu hücumları “birdəfəlik” adlandırsa da, kəşfiyyat mənbələrinin ziddiyyətli məlumatları, Trampın özü ilə mətbuat arasında yaranan ritorik ziddiyyətlər bu “birdəfəlik” əməliyyatın əslində strateji xəbərdarlıq ola biləcəyini göstərdi. Trampın “Çin indi İrandan neft ala bilər, bunu mümkün etdiyim üçün fəxr edirəm” kimi açıqlamaları isə onun bu sülh oyununda təkcə diplomatiya deyil, iqtisadi dividendləri də hədəf aldığını göstərir.
İranın ABŞ-yə Qətər bazasına zərbədən əvvəl xəbərdarlıq etməsi və nəticədə heç bir tələfatın olmaması Vaşinqton-Tehran arasında açıq kanalın hələ də mövcud olduğunu göstərir. Trampın buna görə İrana təşəkkür etməsi isə münaqişənin kənarındakı diplomatik dilin əslində nə qədər elastik olduğunu sübut edir. Bu həm də atəşkəsin səbəblərindən biri ola bilər: ABŞ, İranı “vurmaqla” özünü sərt göstərdi, İran isə “göstərişli zərbə” ilə nüfuzunu qorudu.
Atəşkəsə baxmayaraq, İsrailin Tehranın şimalındakı radara simvolik zərbə endirməsi və Eyal Zamirin açıqlamaları göstərir ki, Təl-Əviv bu prosesi yalnız “bir fasilə” kimi qiymətləndirir. “İrana qarşı kampaniya hələ bitməyib” deyən Zamir bir daha təsdiqlədi ki, əsas məqsəd İranın nüvə proqramının tam zərərsizləşdirilməsidir. Üstəlik, İsrailin məqsədləri arasında rejim dəyişikliyi də var və bu, gərginliyin kökündə dayanan əsas təhdid olaraq qalır.
Trampın və Netanyahunun açıqlamaları, ABŞ-İran arasında davam edən diplomatik oyun, eləcə də İsrailin əsas hədəflərinin qalması bu “atəşkəsin” sadəcə “sahibsiz bir sülh bəyanatı” olduğunu göstərir. Tehran nüvə proqramından imtina etmir, İsrail isə rejim dəyişikliyi istəyir. Bu da o deməkdir ki, bu üç günlük fasilə, əslində daha böyük və daha sistemli qarşıdurmanın əvvəlindəki sükunətdir.
MTM Analitik Qrupu