“ƏDV geri al” sistemindən istifadə 98%-i keçdi - SORĞU - FOTO

Media Təhlil Mərkəzinin “ƏDV geri al” xidməti ilə bağlı əhali arasında keçirdiyi sorğunun nəticələri göstərir ki, sözügedən xidmət insanlar arasında geniş rəğbət qazanıb.
Məhz bunun nəticəsidir ki, sorğuda iştirak edən respondentlərin 98.5%-i bu xidmətdən istifadə etdiyini, cəmi 1.5%-i isə bu imkandan yararlanmadığını qeyd edib.
Bu da onu göstərir ki, vergi sistemində şəffaflığın artırılması və rəqəmsal ödənişlərin stimullaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən müsbət qarşılanır.
Digər müsbət məqam odur ki, “ƏDV geri al” xidmətindən istifadə edənlərin böyük əksəriyyəti bu xidmətdən kartla ödəniş vasitəsilə yararlanır. Daha dəqiq desək sorğuda iştirak edənlərin 81.4% məhz kartla edilən alış-verişlər zamanı ƏDV-ni geri alırlar. Bu göstərici üzrə nağd ödəniş edənlərin payı cəmi 18.6%-dir. Bütün bunlar rəqəmsal ödəniş mədəniyyətinin gücləndiyini və insanların nağdsız əməliyyatlara üstünlük verdiyini göstərir.
Xidmətin uğuru ilə yanaşı, bəzi problemlər də diqqətdən yayınmır. Respondentlərin 57%-nin bu xidmətdən istifadə edərkən üzləşdiyi əsas problem çekin üzərindəki fiskal ID və QR kodun oxunmaması ilə bağlıdır. Bu texniki nasazlıqlar istifadəçilərin ƏDV-ni geri ala bilməməsinə səbəb olur və sistemə inamı azalda bilər.
34% iştirakçı bəzi mağazaların sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün bu sistemə daxil edilmədiyini qeyd edir. Bu isə o deməkdir ki, bəzi alıcılar ödədikləri ƏDV-ni geri ala bilmirlər. Digər problemlər sırasında çeklərdə məhsulun adının göstərilməməsi (3%), digər texniki və təşkilati çətinliklər (6%) də yer alır.
Nəticə etibarilə, “ƏDV geri al” sistemi vətəndaşların rəqəmsal ödəniş vərdişlərini gücləndirməklə yanaşı, iqtisadi şəffaflığa da töhfə verir.