Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 20-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.
Təhlil.az DİM-in məlumatına istinadla xəbər verir ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.
BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyulun 10-u saat 14:00-dək aparılacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.