Peskov: Kreml İsraillə İran arasında zərbələrin tam dayandırıldığını proqnozlaşdıra bilməz

Kreml atəşkəs danışıqlarının təfərrüatlarına malik olmadığı üçün İsraillə İran arasında zərbə mübadiləsinin tamamilə dayandırıldığını proqnozlaşdıra bilməz
Təhlil.az İctimai Televiziyanın Moskva müxbirinin sözlərinə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Anladığımız qədər, Qətərin vasitəçiliyi ilə təmaslar, ABŞ prezidenti ilə onun bir sıra həmkarları arasında Yaxın Şərqdə təmaslar olub. Biz bütün təfərrüatları sona qədər bilmirik, ona görə də burada heç nə deyə bilmərik", - Kremlin sözçüsü vurğulayıb.
Peskov xatırladıb ki, Rusiya əvvəldən problemin həlli üçün hərbi üsulları istisna etməyə çağırıb.
Kreml rəsmisi Rusiyanın Yaxın Şərqdəki münaqişə ilə bağlı aydın mövqeyi ilə İranı dəstəklədiyini də söyləyib: "Əlbəttə, biz İranla münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. Bu müzakirələr, əlbəttə ki, olub və olacaq, bu qaçılmazdır".
Peskov bir gün əvvəl Kremldə Rusiya prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Əraqçı arasında baş tutan danışıqlara da toxunub. Onun sözlərinə görə, söhbət zamanı İranın ABŞ-nin zərbələrinə reaksiyası mövzusu qaldırılmayıb: "Bu müzakirə olunmayıb".
Hikmət Həsənov