Bu gün

İrəvanın çətin seçimi: Rusiya ilə müttəfiqlik, yoxsa təhlükəsizlik riski? - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putinin “Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır” bəyanatı təkcə Ukraynaya deyil, keçmiş sovet məkanındakı digər ölkələrə, xüsusilə Ermənistan kimi Rusiyanın hərbi cəhətdən hələ də dərin təsirində olan dövlətlərə də birbaşa mesaj kimi qəbul olunub. Ermənistan ictimaiyyəti və siyasi elitası bu bəyanatı təcavüzkar ekspansionizmin və imperiyapərəst təfəkkürün təzahürü olaraq dəyərləndirir. Putinin bu cür ritorikasının fonunda Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının statusu və ölkə suverenliyinə təsiri bir daha gündəmə gəlib. Ermənistanda bu bəyanat rus hərbi kontingentinin yalnız nominal müttəfiq deyil, potensial təhlükə olduğu düşüncəsini gücləndirib.

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildən Ermənistan ərazisində fəaliyyət göstərir və onun statusu 2044-cü ilə qədər uzadılıb. Formal olaraq bu baza Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi təqdim olunsa da, son illərdə, xüsusilə də 2020-ci ildə baş vermiş ikinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiya qoşunlarının siyasi və hərbi neytrallığına inam ciddi zərbə alıb. Putinin yuxarıdakı bəyanatı bu narahatlığı daha da dərinləşdirib. Ermənistan vətəndaşları haqlı olaraq soruşurlar: əgər Rusiya Ukraynanı belə asanlıqla “bizimdir” deyə elan edirsə, sabah Gümrüdəki baza “sabitliyi qorumaq” adı ilə İrəvana doğru hərəkət etsə, buna kim mane olacaq?

Bu cür qorxular təkcə fərdi fikirlər deyil. Ermənistanın siyasi elitasında da bu düşüncəni bölüşən dairələr var. Xüsusilə baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Qərbə inteqrasiya yönlü siyasət yürüdən Ermənistan Moskva ilə münasibətlərdə gərgin bir balans siyasətinə məhkum olub. Rusiya isə Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi strukturlarda saxlayaraq onun Qərbə inteqrasiyasının qarşısını almağa çalışır. Lakin Ermənistanın ictimai-siyasi elitasındakı inamsızlıq Putinin imperial ritorikası ilə daha da dərinləşib. Bəyanatın ardınca tez-tez “rus əsgərinin bizim torpaqda nə işi var” sualı səslənir. Əhalinin böyük hissəsi Rusiya hərbi bazasının mövcudluğunu artıq təhlükə kimi dəyərləndirir və onun çıxarılmasını hökumətin qarşısında prioritet tələb kimi irəli sürür. Təbii ki, Nikol Paşinyan hökuməti üçün bu vəziyyət çətin geosiyasi dilemmanın formasıdır. Bir tərəfdən Rusiya hələ də Ermənistan üçün enerji, təhlükəsizlik və iqtisadi asılılıq baxımından vacib aktordur. Digər tərəfdən bu asılılıq Ermənistanın suverenliyini və siyasi müstəqilliyini zərbə altına qoyur. Üstəlik, Rusiya artıq “dost və müttəfiq” çərçivəsini çoxdan aşaraq Ermənistanın daxili siyasətinə açıq müdaxilələr etməkdən çəkinmir. Hazırda İrəvan hökuməti Qərb strukturlarına yaxınlaşmaq, Avropa İttifaqı və Fransa kimi ölkələrlə yeni təhlükəsizlik mexanizmləri formalaşdırmaq istiqamətində çalışsa da Rusiya ilə açıq qarşıdurmadan yayınmağa çalışır. Lakin cəmiyyətin artan təzyiqi və Putinin açıqlaması fonunda bu siyasətin davamlılığı sual altındadır.

Putinin “bütün Ukrayna bizimdir” fikri təkcə Kiyevə deyil, İrəvana da siqnaldır. Ermənistan üçün ən qaranlıq ssenarilərdən birinin rəsmi səsləndirilməsi kimi qəbul edilir. Ermənistanda son illərdə çoxsaylı rus diplomatlarının, media nümayəndələrinin arzuolunmaz elan edilməsi və Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi artıq bu siqnala cavab addımları kimi dəyərləndirilə bilər. Bu vəziyyətdə Ermənistan üçün yeganə çıxış yolu təhlükəsizlik arxitekturasını şaxələndirmək, Rusiya bazasını tədricən neytrallaşdırmaq və real müttəfiqlərlə əməkdaşlığa üstünlük verməkdir. Lakin bu prosesin zamana və ciddi siyasi iradəyə ehtiyacı var.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?