Prezidentin bölgələrə baxışı: Sıfırdan qurulan uğur modeli - TƏHLİL

Ölkənin balanslı və davamlı tərəqqisini təmin etmək məqsədilə Azərbaycanda xüsusi diqqət yetirilən məsələlərdən biri də regionların sosial-iqtisadi inkişafıdır. Bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bu xüsusda Azərbaycanın ötən dövr ərzində mühüm nailiyyətlərə imza atması ilə nəticələnib. Lakin görülən işlərin miqyasının daha da genişləndirilməsi əsas məqsədlərdən biridir. Burada nəzərə alınması vacib olan məqamlardan biri də odur ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri demək olar ki, yenidən qurulur. Bu da öz növbəsində sözügedən istiqamətdə regionların inkişaf proqramının miqyasının daha geniş xarakter almasını şərtləndirir. Lakin Azərbaycan qüdrətli bir ölkə kimi bu missiyanın öhdəsindən də uğurla gəlir və hətta uğur nümunəsi də yaratmağa nail olur.
Görülən işlər nəticəsində artıq çoxsaylı nailiyyətlərə imza atılıb, bu çərçivədə bölgələrdə sənaye parkları, aqroparklar, emal və müxtəlif istehsal müəssisələri yaradılıb, yol, su, qaz, elektrik enerjisi ilə təminat, telekommunikasiya və internet infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Xüsusən də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, bu sahədə innovativ texnologiyaların tətbiqi sürətləndirilir. Qeyd edilənlərin real nümunəsini Prezident İlham Əliyevin Yevlax və Goranboy rayonlarına, Mingəçevir şəhərinə səfəri kontekstində bir daha görmək mümkündür. Dövlət başçısı bu dəfə də səfəri çərçivəsində çoxsaylı açılışlarda iştirak etdi, görülən işlərlə tanış oldu. Belə ki, Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülmüş işlərlə tanış olub, Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının, Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışlarında iştirak edib.
Prezident İlham Əliyevin Mingəçevirdə açılış mərasimində iştirak etdiyi “8 Noyabr” Elektrik Stansiyası regionların inkişafının ən diqqətçəkən və möhtəşəm xarakter daşıyan nümunələrindən biridir. Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək: “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır... Bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək”. Hazırda Mingəçevirdə ölkənin elektrik enerjisinin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Qeyd edilməlidir ki, belə nəhəng stansiyanın inşasını Azərbaycan qısa nüddətdə reallaşdırıb. 2023-cü ilin fevralında təməli qoyulan stansiyanın inşasında İtaliya və Çin kimi xarici tərəfdaşlarla sıx işbirliyi həyata keçirilib. 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elekrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi gücün 1880 meqavata kimi artırılması da ölkəmizə əlavə üstünlüklər qazandırır. Yeni elektrik stansiyasının qaz turbinlərində işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirməyə imkan yaradır. Bu da o deməkdir ki, “Azərbaycan” İstilik Elekrik Stansiyasının 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almaq mümkündür. Məhz belə əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr təbii qaza qənaət olunacaq. Yeni stansiya əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi ilə yanaşı, regionlarda yeni iş yerlərinin açılması baxımından müstəsna əhəmiyyətə malikdir. Elə regionların inkişafı həm də məşğulluğun artırılması və yoxsulluğun azaldılması baxımından ölkəmizdə mühüm rol oynayır.
Bu gün qeyri-neft sektorunda qeydə alınan artımlarda regionların getdikcə daha çox pay sahibinə çevrilməsi müşahidə edilir. Bunu şərtləndirən əsas səbəblərdən biri regionların paytaxtla tarazlı inkişafı istiqamətində görülən işlərin yüksək səmərə verməsi, bölgələrin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, müasir tələblərə uyğunlaşdırılmasıdır.
O da faktdır ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfərindən sonra ölkə iqtisadiyyatının daha dinamik şəkildə tərəqqisi üçün yeni imkanlar əldə edib. Regionların sürətli inkişafı, o cümlədən işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni istehsal sahələrinin, azad iqtisadi zonaların yaradılması, özəl sektora dövlət dəstəyi, idxalın daxili istehsalla əvəzlənməsi, yeni dəyər və tədarük zəncirinin yaradılması ölkədə məşğulluq səviyyəsinin, alıcılıq qabiliyyətinin yüksəlməsinə, tələb-təklifin artmasına imkan yaradır. İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı layihələr regionların inkişafına yeni təkan verir, bu yerlərdə həyata keçirilən “ağıllı kənd”, “ağıllı şəhər” layihələri, yaşıl enerji zonası konsepsiyası müasir texnologiyalara əsaslanan inkişaf modeli kimi çıxış edir. Eyni zamanda rəqəmsallaşma və elektron xidmətlərin regionlarda genişləndirilməsi əhaliyə dövlət xidmətlərinə daha asan çıxış imkanı yaradır. Bu isə idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, sosial rifahı da yüksəldir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda regionların inkişafı məqsədyönlü və kompleks şəkildə həyata keçirilir. Sözügedən siyasətin davam etdirilməsi bölgələrin daha da çiçəklənməsi üçün mühüm bazadır və həm də Azərbaycanın bir ölkə kimi qüdrətini davamlı şəkildə yüksəldir.
MTM Analitik Qrupu