12 iyun

Paşinyanın Kilsəyə hücumu əks nəticə verir - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın Apostol kilsəsinə qarşı başlatdığı “səlib yürüşü” əks nəticə verir. Son günlər baş verən hadisələrin, verilən açıqlamaların, sosial şəbəkələrdə yazılan rəylərin analizi deməyə əsas verir ki, Nikolun səriştəsiz və düşünülməmiş addımları nəticəsində ermənilər katalikos və kilsə ətrafında birləşməyə başlayıblar. Eyni zamanda paralel olaraq da, xaricdəki erməni diasporu da baş nazirə qarşı təşkilatlanmağa başlayıb. Əslində təkcə katalikosa yox, bütün kilsəyə qarşı cəbhə alan baş nazirin şəxsi motivləri var. Bu, ölkə daxilində daxili çəkişmələri qızışdırmağa xidmət edən bir planın tərkib hissəsidir.

Təbii ki, əsas səbəb 2026-cı il seçkiləri ilə bağlıdır. Şəhər və rayonlarda hakim partiyanın təbliğatı o qədər də uğurlu alınmır. Bunu Gümrü bələdiyyə seçkilərinin nəticələri sübuta yetirir. Amma ucqarlarda vəziyyət başqadır. Bu kəndlərin sakinləri əsasən İctimai Televiziyadan məlumat əldə edirlər və daha çox hakim partiyanın təbliğatına inanırlar. Onların da ən çox məlumat əldə etdikləri digər mənbə kilsələrdir. Təbii ki, seçkilərdən əvvəl kilsələr vasitəsilə ucqar icma və kəndlərə müəyyən informasiya, məlumat, tezislər ötürüləcək. Bu da “Vətəndaş müqaviləsi”nin acı məğlubiyyəti ilə nəticələnə bilər. Elə bu səbəbdən də Nikol və komandası katalikosu vəzifəsindən uzaqlaşdırmaq, saxta yollarla yerinə özlərinə yaxın adamı gətirmək niyyətini güdürlər.

Eyni zamanda bu tip qarşıdurmalar və narazılıqlar yaratmaqla seçkilərdə mümkün məğlubiyyət vəziyyətində daxili toqquşmalar və xaoslara səbəb olmaq da nəzərdə tutulub. Ehtimal var ki, Nikol Paşinyan seçki uğursuzluğu fonunda ölkəni vətəndaş qarşıdurmalarına sürükləsin.

Bunları nəzərə alaraq, söyləmək olar ki, yaxın günlərdə kilsəyə qarşı hücumlar daha da qabarıq formada olacaq. 2020-ci ildə 44 günlük müharibədə acı məğlubiyyətə görə ordunu günahlandıran baş nazir bir sıra hərbçiləri, generalları həbsə göndərib. Bu dəfə də çox güman ki, hədəf kilsə rəhbərliyidir.

Ötən gün məlum olub ki, baş nazirin göstərişi ilə Cinayət Axtarış Departamentinə kilsəyə təzyiqləri artırmaq tapşırılıb. Ruhanilərə aid kompromatlar üzə çıxarılmalı, hər gün onlara qarşı xəbərlər yaymaq, nüfuzdan salmaq lazımdır. Paralel olaraq isə hakimiyyət də kilsə daxilində müxtəlif ruhanilər vasitəsilə II Qareginə qarşı koalisiya yaratmaq və onun taxtdan uzaqlaşdırılması üçün münbit zəmin yaratmaq üzərində işləyir.

Amma yuxarıda da qeyd etdiyimiz kimi, baş nazirin bu planları artıq əks effekt verməyə başlayıb. Son sorğu nəticələrinə görə, kilsənin reytinqi 70 faiz, hakimiyyətinki isə 27 faiz təşkil edib. Bununla yanaşı, sadə erməni vətəndaşları kilsə ətrafında birləşməyə başlayıblar. Təbii ki, siyasi partiyalar da bu vəziyyətdən istifadə edərək, kilsə ruhanilərini qoruyan açıqlamalar verir, toplaşan insanların səsini öz lehinə çevirmək istəyir. Eyni zamanda diasporun da təşkilatlanması, kilsəni dəstəkləməsi seçkilərin çox gərgin keçəcəyindən xəbər verir. Əgər Paşinyan-kilsə qarşıdurması belə davam etsə, çox güman ki, kilsə vahid bir müxalif namizədi dəstəkləyəcək və insanları o şəxsə səs verməyə çağıracaq. Bu da Ermənistanda daha ciddi xaosa və vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?