Buz vannaları əzələ böyüməsini yavaşlada bilər

Müasir fitnes mədəniyyətində buz vannaları geniş istifadə olunur. Təhlil.az bununla bağlı aparılmış araşdırmanın nəticələrini təqdim edir:
Peşəkar idmançılardan tutmuş istirahət həvəskarlarına qədər bir çox insan buzlu şokun ağrıları və iltihabı azaldacağına, bədənin daha tez sağalmasına kömək edəcəyinə ümid edərək məşqdən sonra soyuq suda üzməyi sevir. Amma Niderlandda aparılan son araşdırma bu prosedurun mənfi bir cəhətini üzə çıxarıb. Məlum olub ki, buz vannaları əslində əzələlərin böyüməsini yavaşladır.
İnsan bədəni soyuğa məruz qalanda, məsələn, buz vannası qəbul edəndə qan damarları sıxılır və daralır. Bu, məşqdən sonra şişkinliyi azaldır və şlakları orqanizmdən xaric edir. Eyni zamanda intensiv məşqdən bir və ya iki gün sonra meydana gələn əzələ ağrılarını aradan qaldırır. Əslində məşqdən sonrakı ağrı əzələlərinizin bərpa olunduğuna işarədir. Ağrı keçəndən sonra özünüzü yenidən idman zalına getməyə hazır hiss edirsiniz. Bu da buz vannalarının niyə bu qədər populyar olduğunu izah etməyə kömək edir. Ancaq burada bir nüans var: ağrıya səbəb olan iltihab da əzələlərinizin sağalması və böyüməsi prosesinin bir hissəsidir.
Hikmət Həsənov