11 iyun

Ermənilər azərbaycanlıların Zəngəzura qayıtmasından qorxurlar

40 il əvvəl öz yurd-yuvasından zorla qovulmuş azərbaycanlıların Zəngəzura və Qərbi Azərbaycanın digər ərazilərinə qayıtmaq ehtimalı Ermənistan əhalisini qorxudur.

Bu barədə təhlil.az saytına məşhur videobloqer Albert İsakov məlumat verib:

“Müəyyən mənada erməni cəmiyyətində azərbaycanlıların Ermənistana qayıdacağı ilə bağlı qorxu hökm sürür. Onlar düşünürlər ki, bu qayıdış iki xalqın nümayəndələri arasında münaqişəyə səbəb olacaq və Azərbaycanın Ermənistan ərazilərini ələ keçirmək cəhdinə gətirib çıxaracaq”-, deyə o bildirib.

A.İsakov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın ermənilərin Bakıya, azərbaycanlıların isə Ermənistana qayıtması ilə bağlı son bəyanatına da toxunub.

“Alen Simonyan ermənilərin Bakıya, azərbaycanlıların isə Ermənistana qayıtmalı olduğunu deyəndə qeyd edir ki, sülh müqaviləsi imzalanandan beş dəqiqə sonra ticarət başlayacaq. Belə çıxır ki, bəziləri sadəcə olaraq 40 ildir ki, sülh müqaviləsi imzalayandan 5 dəqiqə sonra ticarətin başlamasını gözləyirlər. Yəni hər şey qaydasındadır, hər şeyi unudub ticarətə başlamaq lazımdır”, - deyən videobloqer qeyd edib ki, 20-ci əsrin sonunda Ermənistandan qovulmuş azərbaycanlıların başına gətirilənlərdən heç kim danışmır.

“Mən politoloq Artur Xaçikyanla danışıram. O deyir ki, biz 300 min azərbaycanlının Ermənistana qayıtmasını gözləyirik. O, azərbaycanlıların haraya yerləşdiriləcəyi və ümumiyyətlə, bu işin necə olacağı barədə suallar səsləndirir. Sonra kəndləri, qəsəbələri sadalamağa başlayır. Azərbaycanlıların qayıtması üçün neçə kənd boşaldılmalıdır? Yəni bunu Ermənistana, ermənilərə qarşı bir növ təxribat kimi qiymətləndirir. Azərbaycanlılar isə qayıtmaq istəyirlər. Düz 300 min azərbaycanlı qovulduğu yerə qayıtmaq istəyir. Amma 40 il əvvəl məcburi köçkün olan, yurd-yuvasından, torpağından, vətənindən didərgin düşən bu insanların nə hiss etdiyindən danışan yoxdur”, - İsakov qeyd edib.

O deyib ki, Alen Simonyanın azərbaycanlıların Ermənistana qayıtmasından dərhal sonra qarşılıqlı ticarətin başlaması mənzərəsini necə təsəvvür etdiyi anlaşılan deyil:

“Bu necə təsəvvür edilir? Axı, çoxlu neqativ, ağrılı, mənfi təcrübələr var. Bu beş dəqiqəyə necə baş verə bilər? Yəni insanlar qayıdacaq, hər şey unudulacaq və hər şey əvvəlki kimi olacaq? Axı onlar vətənlərini itiriblər. Sovet Ermənistanının sadiq vətəndaşları olan, yurd-yuvasından didərgin düşmüş azərbaycanlıların çəkdiyi ağrılar necə olacaq? Azərbaycanda separatçılıq hərəkatı yaradan ermənilərdən fərqli olaraq, onlar heç bir şəraitdə separatçı addımlar atmayan insanlar idi”.

“Yəni oraya azərbaycanlı qaçqınların qayıtması ilə Ermənistan əhalisini qorxudanlar 2023-cü ildə ermənilərin Qarabağdan qovulduğunu deyirdilər. Eyni zamanda, Ermənistandan, eləcə də Qarabağdan və Azərbaycanın digər bölgələrindən qovulan yüz minlərlə azərbaycanlıdan heç kim danışmır”, - deyə A.İsakov bildirib.

Rasim Babayev

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?