Daşkənddən Qarabağa böyük maraq - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi yalnız hərbi-siyasi müstəvidə deyil, iqtisadi sahədə də ciddi nəticələr doğurub. Azad edilmiş ərazilər təkcə simvolik deyil, həm də real iqtisadi imkanlar baxımından xarici investorlar üçün yeni cazibə mərkəzinə çevrilməkdədir. Bu prosesin sürətlənməsi isə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu strateji əməkdaşlıqların yeni məzmunla zənginləşməsinə şərait yaradır.
Baş nazir Əli Əsədovun IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakı və orada Qarabağ, Şərqi Zəngəzurun iqtisadi potensialını xüsusi vurğulaması məhz bu strategiyanın mühüm həlqəsidir. Mərkəzi Asiyanın aparıcı iqtisadi platformasına çevrilmiş bu forumda Azərbaycanın mövqeləri regional əməkdaşlıq xəritəsində getdikcə daha əhəmiyyətli yer tutur.
Dünya Bankının son hesabatında Azərbaycanın iqtisadi artım tempinə dair verilən proqnozlar (2025-2027-ci illər üzrə müvafiq olaraq 2,6%, 2,4% və 2,3%) ölkəyə yönələn sərmayələrin daha sabit və perspektivli əsasda artacağını göstərir. Risklərin azaldığı və institusional mühitin yaxşılaşdırıldığı bir şəraitdə xarici investorlar, o cümlədən Mərkəzi Asiya ölkələrinin iş adamları üçün Qarabağ və Şərqi Zəngəzur real işgüzar platformaya çevrilir.
Azərbaycana maraq göstərən tərəflər sırasında ilk sıralarda dayanan Özbəkistan xüsusilə alternativ enerji sahəsində əməkdaşlıq niyyətini açıq bəyan edir. Qara dəniz vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsi, bu iki ölkənin enerji sahəsində də strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini sübut edir.
Bu əməkdaşlıq yalnız iqtisadi çərçivədə məhdudlaşmır. Füzulidə Özbəkistanın vəsaiti hesabına inşa edilən ümumtəhsil məktəbi, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzinin layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq siyasi dəstəyin simvoludur. Bu layihələr həm də həmin ölkələrin azad edilmiş ərazilərdə konkret iqtisadi fəallığa keçdiyinin göstəricisidir.
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollarlıq kapitalı, qarşılıqlı ticarətin 1 milyard dollara çatdırılması məqsədi və Özbəkistanda ticarət nümayəndəliyinin açılması planı bu əlaqələrin institusional baza ilə dəstəkləndiyini göstərir.
Türkdilli Dövlətlər Təşkilatının da dəstəyi ilə Bakı-Tbilisi-Qars, Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr təkcə iqtisadi deyil, həm də strateji xarakter daşıyır. Bu marşrutlar üzərində iqtisadi əməkdaşlıq yeni geosiyasi koordinatlar yaradır. Beləliklə, türk dünyası sərmayə və ticarət sahəsində getdikcə daha çox ortaq dəyərlər və hədəflər ətrafında cəmləşir.
Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya ilə sərmayə əməkdaşlığı artıq regional inteqrasiyanın mühərrikinə çevrilməkdədir. Bu model təkcə iqtisadi dividendlər vəd etmir. Eyni zamanda, Türk dünyasının gələcəyini birgə qurmaq istiqamətində konkret addımlarla müşayiət olunur.
MTM Analitik Qrupu