Çin bazarına pasportsuz giriş dövrü başlayır - ŞƏRH

Bəzən bir qərar, bir imza nəinki prosedur dəyişiklikləri, hətta geosiyasi düzənlərə də təsir göstərə bilir. Prezident İlham Əliyevin Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi haqqında sazişi təsdiqləməsi məhz belə qərarlardandır. Kağız üzərində sadə görünən bu sənəd əslində Bakı ilə Pekin arasında münasibətlərin miqyasını yenidən müəyyənləşdirən strateji bir addımdır. Söhbət sadəcə turistlər üçün asanlaşdırılmış qaydalardan getmi. Bu, iqtisadiyyatdan tutmuş geosiyasətə qədər uzanan dərin bir əməkdaşlığın yeni mərhələsidir.
Bu addım Prezident İlham Əliyevin aprel ayında Çinə etdiyi rəsmi səfərin nəticəsidir. Səfər zamanı imzalanan “Hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə” artıq təsdiq edirdi ki, iki ölkə sadəcə dost və tərəfdaş deyillər, onlar strateji müttəfiq olmağa doğru irəliləyirlər. Çin rəsmilərinin bu səfəri “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində nümunəvi əməkdaşlıq nümunəsi adlandırması da təsadüfi deyildi.
Vizasız rejim isə bu münasibətlərin artıq diplomatik mərhələdən real və praktiki mərhələyə keçdiyini göstərir. Ən birinci təsir sahəsi iqtisadiyyat olacaq. Çinli sərmayəçilər üçün Azərbaycan indi daha əlçatan bazardır. Ələt Azad İqtisadi Zonasından tutmuş digər prioritet sahələrə qədər Çin kapitalı üçün geniş imkanlar açılır. Bu, həm də Azərbaycanın xarici investorlar üçün daha çevik və dost mühit yaratmaq strategiyasına xidmət edir.
Digər vacib məqam nəqliyyat-logistika xəritəsində baş verən dəyişikliklərlə bağlıdır. Azərbaycan “Orta Dəhliz”də Asiya ilə Avropa arasında qapı rolunu oynayır. Çin isə bu dəhlizi strateji seçim olaraq görür. Vizasız rejim logistik şirkətlər arasında sürətli əlaqələrə, operativ qərarlara, birbaşa təmaslara yol açacaq. Əgər əvvəllər Çin malları Xəzərdən keçmək üçün üçüncü ölkələrdən keçidə məcbur idisə, indi Bakı onların yol yoldaşıdır.
Turizm sahəsində də əhəmiyyətli canlanma gözlənilir. Azərbaycan mədəniyyəti, təbiəti və qonaqpərvərliyi Çin vətəndaşları üçün yeni bir marşrut vəd edir. Digər tərəfdən, Azərbaycan vətəndaşları üçün Çin mədəniyyəti, tarixi və texnologiyası ilə daha yaxından tanış olmaq imkanı yaranır. Vizasız rejim bu marağı real səyahətə çevirəcək, təkcə fərdi turistlər deyil, turizm operatorları və aviaşirkətlər də bu dəyişikliyin ilk benefisiarları olacaq.
Ən önəmlisi isə budur ki, bu qərar təkcə ikitərəfli münasibətlərin təkmilləşməsi deyil, həm də regional düzənin yenidən qurulması üçün mühüm siqnaldır. Çin uzun müddətdir ki, Cənubi Qafqaz regionunda sabit və strateji tərəfdaş axtarırdı. Azərbaycan isə nəinki bu rola uyğun ölkədir, eyni zamanda Qərb və Şərq, Rusiya və Avropa arasında körpü ola biləcək nadir platformalardan biridir. Bu kontekstdə Pekinlə Bakı arasında viza rejiminin ləğvi daha böyük siyasi mənzərənin parçasıdır.
Azərbaycan bu münasibətlərdən sadəcə iqtisadi qazanc deyil, həm də siyasi balans qazanır. Qərblə, Rusiya ilə, Türkiyə ilə münasibətləri qoruyub saxlayaraq Çinlə də bu səviyyədə tərəfdaşlıq qurmaq Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun nə qədər düzgün olduğunu göstərir. Bu isə təkcə bugünün deyil, gələcəyin planıdır.
Beləliklə, viza rejiminin ləğvi kağız üzərində sadə bir dəyişiklik əslində strateji əməkdaşlığın simvoluna çevrildi. Bu qərar Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirir, Çinin isə Qafqazda uzunmüddətli planlarını həyata keçirməsi üçün etibarlı tərəfdaş imici yaradır. Tarixdə bəzi mərhələlər sadə görünən qərarlarla başlayır. Azərbaycan və Çin arasında viza rejiminin aradan qaldırılması da məhz belə bir mərhələnin başlanğıcıdır.
MTM Analitik Qrupu