Azərbaycan ordusu modernləşir – JF-17-lər yeni döyüş nəsli gətirir - MƏQALƏ

Cənubi Qafqazda yeni balans bu dəfə səmada qurulur. Azərbaycan Pakistanla təkcə diplomatik və iqtisadi müstəvidə deyil, hərbi hava sahəsində də güclü tərəfdaşlığa imza atır. İslamabadın Bakı ilə imzaladığı 4 milyard dollarlıq JF-17 döyüş təyyarələri sazişi təkcə hərbi modernləşmə deyil, həm də regionda yeni bir strateji güc nümayişidir.
Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin son telefon danışığında yenə diqqət hərbi sahəyə yönəldi. Bu, bir müddət öncə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünün diplomatik davamı sayıla bilər.
Azərbaycanın Pakistandan sifariş etdiyi JF-17C Blok III qırıcıları müasir döyüş sistemləri ilə təchiz olunub. Onlar həm hava-hava, həm də hava-yer əməliyyatlarında yüksək çeviklik və manevr imkanları ilə seçilir. Həm də qiymət-fayda baxımından Qərb və Rusiya istehsalı olan qırıcılarla müqayisədə daha sərfəlidir.
ABŞ-nin "Forbes" nəşrinin yazdığı kimi, bu müqavilə regionda hərbi balansı ciddi şəkildə dəyişdirə bilər. Azərbaycan əvvəlcə 16 təyyarə sifariş etsə də, bu say 40-a çatdırılıb. Nə Bakıda, nə də İslamabadda rəqəmlər rəsmi təsdiqlənməsə də, mediada yayılan məlumatlar Pakistan üçün bu sazişin “tarixi müdafiə ixracı” olduğunu göstərir.
“Forbes” açıq yazır ki, Azərbaycanın bu inkişafı Ermənistan üçün narahatedicidir. Çünki Ermənistan 2019-cu ildə Rusiyadan aldıqları “Su-30SM” qırıcılarından cəmi 4-nü əldə edə bilib. Həm də onların real döyüş effektivliyi şübhə altındadır. 2020-ci ildəki müharibədə bu təyyarələr heç bir fərq yarada bilmədi.
İndi isə Azərbaycan 40 yeni nəsil JF-17C-yə sahib olmaqla hava qüvvələrində Ermənistana qarşı 10 qat üstünlük əldə edir. Bura hələ Bayraktar TB2, Akinci, Harop kimi PUA-lar daxil deyil. Belə bir fərq Ermənistanın istənilən hava əməliyyatını riskə atır.
Mütəxəssislər deyir ki, bu saziş yalnız taktiki modernləşmə deyil, Bakı-İslamabad-Türkiyə üçbucağında hərbi güvən zəncirinin möhkəmlənməsi deməkdir. Pakistanla bu əməkdaşlıq Azərbaycanın həm regional çəkisini artırır, həm də Qərb və Rusiya silahlarına alternativ yaratmaq baxımından vacib addımdır.
JF-17-lərin əsas üstünlüyü həm də onların Türkiyə istehsalı olan silah sistemləri ilə uyğunlaşmasıdır. Bu isə koordinasiyalı hava zərbələrinin həyata keçirilməsində mühüm taktiki üstünlük yaradır. İrəvanın bu yeni vəziyyətə cavabı ya Fransadan “Rafale”, ya da Hindistandan Su-30MKI almaq ola bilər. Amma bu planların qarşısında maliyyə, siyasi təsirlər və Hindistan-Pakistan gərginliyi kimi ciddi maneələr var.
Üstəlik, “Forbes” xatırladır ki, Hindistanın “Rafale”ləri son qarşıdurmalarda gözlənildiyi qədər effektiv olmadı. Bu isə Ermənistanın istədiyi hava gücünü əldə etməsini xeyli sual altına salır.
Bu da o deməkdir ki, quru əməliyyatlarında üstünlük əldə etmiş Azərbaycan, artıq hava məkanında da regionun əsas aktoruna çevrilmək yolundadır. Pakistanla bu əməkdaşlıq sadəcə təyyarə alış-verişi deyil, eyni zamanda geosiyasi meydanda yeni və güclü mesajdır. Bakı artıq tək döyüşmür və tək planlaşdırmır.
MTM Analitik Qrupu