Səhər qəbul etdiyiniz qəhvə dərmanın təsirini 50% azaldır

Səhərlər bir çoxumuz üçün qəhvə həm ayılmaq, həm də günə enerjili başlamağın ayrılmaz hissəsidir.
Təhlil.az xəbər verir ki, lakin əgər siz qalxanabənzər vəzi ilə bağlı dərman qəbul edirsinizsə, bu sadə vərdiş düşündüyünüzdən daha ciddi fəsadlara səbəb ola bilər. İngiltərənin Kingston Universitetindən farmakoloq Dipa Kamdanın sözlərinə görə, səhər dərman qəbulundan əvvəl içilən bir fincan qəhvə, xüsusilə də levotiroksin preparatının təsirini 50 faizədək azalda bilər.
Levotiroksin orqanizmdə qalxanabənzər vəzinin az hormon ifraz etməsi ilə müşayiət olunan hipotiroidizm xəstəliyinin əsas müalicə vasitəsidir. Bu dərman hormon əvəzedicisi kimi çıxış edərək maddələr mübadiləsini normallaşdırır. Ancaq levotiroksinin effektiv olması üçün onun bağırsaqlardan tam və vaxtında sorulması şərtdir.
Məhz bu nöqtədə kofein problemə çevrilir. Qəhvə bağırsaq peristaltikasını (yəni bağırsaq hərəkətliliyini) sürətləndirərək dərmanın udulması üçün tələb olunan zamanı azaldır, mədə turşuluğuna təsir edərək dərmanın həll olma şəraitini dəyişdirir, levotiroksinin aktiv maddəsinin qana keçməsini zəiflədir.
Tədqiqatlar göstərir ki, tablet formasında qəbul edilən levotiroksin bu təsirlərə daha həssasdır. Maye və ya gel kapsul formaları isə qəhvə ilə eyni vaxtda qəbul olunsa belə, nisbətən az təsirlənir.
Endokrinoloqlar və mütəxəssislər levotiroksin qəbul edən şəxslərə səhərlər acqarına, dərmanı sudan başqa heç bir içki ilə qəbul etməməyi və dərmandan ən azı 30-60 dəqiqə sonra qəhvə içməyi tövsiyə edirlər. Qida qəbulunu da dərmandan azı 30 dəqiqə sonraya təxirə salmaq məsləhətdir.
Nəzərə alınmalı digər amillər kalsium və dəmir əlavələrinin dərmanın sorulmasına mane olmasıdır. Onları levotiroksindən 4 saat sonra qəbul etmək daha doğrudur.
Soya məhsulları, lifli qidalar və antiasidlər (mədə turşuluğunu azaldan preparatlar) da dərmanın təsirini zəiflədə bilər;
Hamiləlik, menopauza və ya müəyyən dərmanlar (məsələn, estrogen əsaslı preparatlar) levotiroksin ehtiyacını artıra bilər.
Qalxanabənzər vəzi dərmanlarının təsirini maksimum dərəcədə qorumaq üçün səhər rutininizə bir az dəyişiklik əlavə etmək kifayətdir. Dərman əvvəl, qəhvə sonra bu sadə qayda sizin sağlamlığınız üçün böyük əhəmiyyət daşıya bilər. Əgər qəhvəsiz dura bilmirsinizsə, onu levotiroksindən ən azı 1 saat sonra içməyə çalışın.