Fiziki təzyiq xərçəngi daha da inkişaf etdirir - ARAŞDIRMA

Yel Universitetində (Yale University) aparılan son tədqiqatlar xərçəng tədqiqatında yeni və olduqca düşündürücü bir istiqaməti ön plana çıxarıb.
Fiziki təzyiqin yəni hüceyrə səviyyəsində mexaniki sıxılmanın xərçəngin aqressivliyini artırdığı sübut olunub.
Təhlil.az xəbər verir ki, xüsusilə qaraciyər xərçəngi ilə bağlı əldə olunan nəticələr, xəstəliyin yalnız genetik və ya kimyəvi deyil, eyni zamanda fiziki-bioloji amillərdən də təsirləndiyini göstərir.
Ənənəvi olaraq xərçəng xəstəliyi hüceyrə mutasiyalarının və genetik anomaliyaların nəticəsi kimi izah edilirdi. Amma artıq məlum olur ki, şiş toxumasının içindəki mexaniki mühit sıxılma, gərginlik, toxuma basqısı, xərçəng hüceyrələrinin davranışını kəskin şəkildə dəyişə bilər.
Yel Universitetinin alimləri hüceyrələrin sıx mühitdə necə “boğulduğunu” və bu vəziyyətdə daha aqressiv, daha çox yayılmağa meyilli olduqlarını müşahidə ediblər. Maraqlısı budur ki, bu fiziki stress hüceyrələrdə dərmanlara qarşı müqavimət yaradır və gen ifadəsini dəyişir, yəni genlər sanki təzyiq altında “fərqli danışmağa” başlayır.
Tədqiqat zamanı alimlər qaraciyər xərçəngi hüceyrələrinin sıx toxumalarda yerləşdiyi zaman necə bir davranış sərgilədiyini izləyiblər. Onlar müşahidə ediblər ki:
Hüceyrə membranlarına mexaniki basqı artdıqca hüceyrələrdə genetik aktivlik dəyişir;
Dərmanlara qarşı müqavimət güclənir bu da müalicənin səmərəliliyini azaldır;
Hüceyrələr daha sürətlə çoxalır və metastaz (yəni digər orqanlara yayılma) riski artır.
Bu mexaniki stress, sanki hüceyrəni “təhlükə var” siqnalı ilə stimullaşdırır və o, daha da aqressiv davranır.
Əgər bu nəticələr geniş tədqiqatlarla təsdiqlənərsə, bu, xərçəng müalicəsinə tamamilə yeni yanaşma demək olacaq. Ənənəvi kimyaterapiyadan fərqli olaraq, şiş toxumasının fiziki mühiti də nəzərə alınmalı olacaq. Mümkündür ki, gələcəkdə xərçəngin müalicəsində yalnız dərmanla deyil, toxuma elastikliyini, sıxılmanı və mexaniki basqıları tənzimləyən texnologiyalarla da mübarizə aparılsın.
Məsələn:
Şişlərin içindəki təzyiqi azaldan nano-gel texnologiyaları;
Hüceyrə sıxlığını monitorinq edən yeni görüntüləmə üsulları;
“Mexanobiologiya” əsasında hazırlanmış dərmanlar.
Bu araşdırma bir daha göstərir ki, xərçəng çoxşaxəli bir prosesdir. Sadəcə genetik və ya kimyəvi deyil, fiziki-bioloji amillərlə də formalaşır və inkişaf edir. Bu baxımdan, fiziki stressin xəstəliyin aqressivliyinə təsiri həm tibbi, həm də etik baxımdan böyük suallar doğurur. Amma bir şey artıq aydındır. Mexaniki amillərin nəzərə alınmadığı xərçəngin müalicəsi natamamdır.
Hikmət Həsənov