Medinskidən mesaj, Zaxarovadan təkzib, Bakıdan prinsipial mövqe - TƏHLİL

Azərbaycanın Rusiya ilə münasibətlərə baxışı illərdir dəyişməz olaraq bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb. Amma bu prinsipial yanaşma bəzi Rusiya rəsmilərinin zaman-zaman səsləndirdiyi qeyri-ciddi, təxribatçı fikirlərlə sınağa çəkilir. Prezidentin köməkçisi Vladimir Medinskinin “Russia Today”ə müsahibəsində “Qarabağın guya mübahisəli ərazi” kimi təqdim olunması da bu qəbildəndir.
Əslində, bu fikrin təkzibə belə ehtiyacı yoxdur. Çünki Medinskinin iddiaları həm beynəlxalq hüquqa, həm də Rusiya Federasiyasının özünün rəsmi sənədlərinə və mövqelərinə tamamilə ziddir. Bunu Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarovanın dərhal açıqlama verərək Medinskinin sözlərinin kontekstdən çıxarıldığını bildirməsi də göstərir. Maraqlıdır ki, bu təkzib özü də dolayısı ilə Kreml daxilində fikir ayrılıqlarının və ya ikili oyunun əlaməti kimi oxuna bilər.
Putinin Qarabağın Azərbaycana aid olduğunu dəfələrlə bəyan etdiyi, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonra verdiyi çıxışlarla bu mövqeyi təsdiqlədiyi bilinir. 2022-ci ildə Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsində ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinin qeyd olunması da bu baxımdan rəsmi Moskvanın yazılı şəkildə öz öhdəliyini təsdiqləməsidir.
Medinskinin açıqlamasını diqqətəlayiq edən başqa bir məqam isə onun Qarabağla bağlı mövcud reallığı Ukrayna ilə müqayisə etməyə çalışmasıdır. Bu isə artıq siyasi idrak yoxsulluğundan daha çox təxribat xarakteri daşıyan, kontekstdən uzaq, qərəzli yanaşmadır. Azərbaycanın Ukraynadakı hadisələrlə ortaq cəhəti yoxdur. Nə ərazi iddiası, nə də hərbi ekspansiya var. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi də dərhal bəyan etdi.
Digər tərəfdən, Rusiya daxilində bu cür çıxışların arxasında Ermənistana yönələn müəyyən mesajlar və geosiyasi oyunlar durduğu da açıq-aşkardır. İllərdir Ermənistanı öz “forpostu” kimi görən Rusiya, Paşinyan hökumətinin Qərbə meyilini cilovlamaq üçün vaxtaşırı bu tip bəyanatlarla revanşist dairələrə siqnal verir. Amma reallıq odur ki, artıq qatar gedib. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə separatçılığa birdəfəlik son qoydu.
Bu fonda Medinskinin çıxışı təsadüfi görünmür. O, sadəcə tarixçi və prezident köməkçisi deyil, eyni zamanda Rusiya dövlətinin tarix təhsili üzrə komissiyasına rəhbərlik edən, siyasi ritorikanı dövlətin strateji mesajlarına çevirə biləcək səlahiyyətli şəxsdir. Belələrinin çıxışı nəinki şəxsi rəy, əksinə, mərkəzləşdirilmiş siyasətin zərif mesaj forması kimi dəyərləndirilir.
Ən mühümü isə budur. Azərbaycan artıq heç bir dövlətin mövqeyindən asılı olmadan Qarabağ üzərində tam suverenliyini bərpa edib. Medinskinin və ya onun kimilərinin manipulyativ ritorikası bu reallığı dəyişə bilməz. Əksinə, Azərbaycan belə yanaşmalara qarşı açıq və prinsipial mövqeyini qorumaqda davam edəcək.
Əgər Rusiya Cənubi Qafqazda etibarlı tərəfdaş kimi qalmaq niyyətindədirsə, bu cür məsuliyyətsiz açıqlamalar verən şəxslərlə bağlı ciddi ölçü götürməlidir. Əks halda, inam və etimadla qurulmuş münasibətlər zədələnə bilər. Geosiyasi reallıqlar dəyişib, və bu reallıqlarla hesablaşmayanlar tədricən proseslərin kənarında qalmağa məhkumdurlar.
MTM Analitik Qrupu