Kilsə klanla birləşdi: Ermənistanın işğal siyasətinə dini dəstək - AÇIQLAMA

“Erməni Apostol Kilsəsi uzun illər ərzində ölkənin keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi "Qarabağ klanı" ilə sıx bağlı olub və onların fəaliyyətinə açıq şəkildə dəstək verib”.
Bu fikirləri təhlil.az saytına açıqlamasında Xəzər Regional Təhlil Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, kilsə bu dövrdə Qarabağ müharibələrində Ermənistan tərəfinin hərbi əməliyyatlarına həm mənəvi, həm də təşkilati baxımdan dəstək göstərib: “Kilsənin ruhaniləri Qarabağda baş verən hərbi əməliyyatlarda iştirak edib və işğalçılıq siyasətinə xeyir-dua veriblər”.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra kilsə ilə münasibətlərdə ciddi soyuqluq yaranıb.
“İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra isə kilsə Paşinyanın nüfuzunun zəiflədiyini hesab edərək onu devirmək üçün revanşist qüvvələrlə əməkdaşlığa başlayıb.
Paşinyan özü də 2020-ci ilin sonunda bildirmişdi ki, kilsə onu hakimiyyətdən devirmək üçün müxalifətlə koordinasiyalı şəkildə çalışır. Sonradan Baqrat Qalstanyanın meydana çıxması və kilsənin siyasi proseslərdə birbaşa iştirak etməsi bu tendensiyanın təsdiqidir” - deyə, politoloq vurğulayıb.
İ. Vəlizadənin qeyd edib ki, bu gün də Ermənistanın baş naziri Nikol Paşinyanla katolikos II Qaregin arasında münasibətlər son dərəcə gərgindir: “Bu isə Ermənistanda din və dövlət münasibətlərindəki dərin ziddiyyətləri bir daha üzə çıxarır”.
Rasim Babayev