“Hesabınız bloklanıb”, “Qazandınız” kimi mesajlara aldanmayın!

Mayın 30-da Azərbaycanda bir neçə vətəndaş bank kartı məlumatlarını naməlum şəxslərlə paylaşdığı üçün ciddi maliyyə itkilərinə məruz qalıb.
Təhlil.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, vətəndaşlar CVV/CVC kodlarını və SMS-lə gələn OTP şifrələrini kiberfırıldaqçılarla bölüşdükdən sonra onların hesablarından müxtəlif məbləğlərdə vəsaitlər oğurlanıb. Oğurlanan məbləğlər arasında 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları da var.
Nazirlik bildirir ki, belə hallarda təkcə kartdakı vəsait deyil, kredit limiti də istifadə oluna bilər ki, bu da vətəndaşlara əlavə maliyyə zərəri gətirir.
DİN vətəndaşlara bir daha xəbərdarlıq edir:
Naməlum zənglərə, mesajlara və linklərə etibar etməyin.
“Hesabınız bloklanıb”, “Qazandınız”, “Kredit təklifi”, “Viza ödənişi” kimi mesajlar aldadıcı ola bilər.
Kartın arxa tərəfindəki CVV/CVC kodları və OTP şifrələri heç kimlə paylaşılmamalıdır.
Şübhəli hallarda dərhal "102" Xidməti Zəng Mərkəzinə və ya ərazi üzrə polis orqanlarına müraciət edin.