Dövlət 47 uşağı himayəyə verdi

Azərbaycanda himayədar ailə modeli genişlənməkdədir.
Təhlil.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən, bu günə qədər 47 uşaq himayədar ailələrə yerləşdirilib. Onlardan 25-i Bakıda, qalanları isə müxtəlif bölgələrdə yaşayır.
Uşaqlardan 18-i oğlan, 29-u isə qızdır. Himayədar ailələrə dövlət tərəfindən müvafiq dəstək göstərilir. Belə ki, uşağın yaş kateqoriyasına və sağlamlıq vəziyyətinə görə aylıq 355–435 manat arası müavinət təyin olunur. Bundan əlavə, hər rübdə mövsümi geyim üçün hər uşağa görə ailələrə 200 manat birdəfəlik yardım da verilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü ilin iyulunda imzaladığı qanunla Azərbaycanda “Himayədar ailə” modelinin tətbiqinə başlanılıb. Bu model valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində, dövlət nəzarəti ilə və ödənişli əsaslarla böyüməsini nəzərdə tutur.
Mayın 31-i bir sıra ölkələrdə Dünya Himayədar Ailə Günü kimi qeyd olunur.
Məqsəd valideynsiz uşaqlara qayğı göstərən ailələrin əhəmiyyətini vurğulamaq və onlara dəstək verməkdir.