Bakı–Əbu-Dabi oxu güclənir - TƏHLİL

Son illərdə Azərbaycanın iqtisadi mənzərəsi təkcə daxili uğurlar və makro-sabitlik fonunda deyil, eyni zamanda qlobal investorların diqqətini çəkən sabit, proqnozlaşdırıla bilən və dayanıqlı investisiya məkanı olaraq formalaşıb.
Ölkə daxilində aparılan institusional islahatlar, vergi və gömrük mexanizmlərinin sadələşdirilməsi, “vahid pəncərə” sisteminin tətbiqi kimi tədbirlər, sadəcə biznes mühitini yaxşılaşdırmayıb, həm də Azərbaycanı sərmayə yatırımı baxımından risk zonasından çıxararaq dayanıqlı investisiya platformasına çevirib.
Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, bu strateji istiqamətin daha da möhkəmləndirilməsinin növbəti göstəricisidir. Əgər əvvəllər Körfəz ölkələrinin Azərbaycanla münasibətləri əsasən diplomatik və simvolik səviyyədə idisə, bu gün artıq iqtisadi-ticari parametrlərlə ölçülən yeni əməkdaşlıq fazasına qədəm qoyulub.
Azərbaycanın özünü təhlükəsizlik adası kimi təqdim edə bilməsi nəinki sabitlik və şəffaflıq, eyni zamanda tərəfdaşlıq öhdəliklərinə sadiqliyin beynəlxalq etimad doğurması ilə bağlıdır. Bu isə neft-qazla zəngin olan Körfəz kapitalı üçün həlledici meyardır: sərmayə yalnız orada yatırılır ki, orada qaydalar sabit və tərəfdaş etibarlıdır.
Xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa prosesi yeni investisiya vektorlarının yaranmasına səbəb olub. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan yaradılan infrastruktur, yollar, hava limanları, sənaye parkları Azərbaycanın inkişaf modelini postmünaqişə dövründə yenidən qurdu. Hökumətin bu bölgədə vergi və gömrük güzəştləri, investorlar üçün sürətli xidmət mexanizmləri yaratması isə bu əraziləri faktiki olaraq "sıfır riskli sərmayə zonası”na çevirib.
BƏƏ ilə enerji sahəsində əməkdaşlıq isə xüsusi diqqətə layiqdir. “Masdar” şirkətinin Qaradağda inşa etdiyi 230 MVt-lıq Günəş Elektrik Stansiyası təkcə texniki layihə deyil, bu, həm də BƏƏ kapitalının Azərbaycan enerji siyasətinə inam göstəricisidir. Bu əməkdaşlıq Biləsuvar, Neftçala və Abşeronda davam edir və artıq Azərbaycanın 2050-ci il karbon neytrallığı hədəfinə konkret töhfə verir. Beləliklə, BƏƏ-Azərbaycan əməkdaşlığı həm də “yaşıl keçid” və “enerji diplomatiyası” kontekstində strateji əhəmiyyət daşıyır.
Digər tərəfdən, Azərbaycanın tranzit mövqeyi onu təkcə ticarət tərəfdaşı deyil, həm də logistik qovşağa çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Limanı sadəcə infrastruktur deyil, regional inteqrasiyanın əsas arteriyalarına çevrilən strateji xətlərdir. Körfəz ölkələrinin, o cümlədən BƏƏ-nin bu infrastruktur vasitəsilə Avrasiya məkanına çıxış imkanları Azərbaycanın rəqabət üstünlüyünü daha da gücləndirir.
Bu mənzərədə BƏƏ ilə iqtisadi əməkdaşlıq birgə texnologiya, logistika və kənd təsərrüfatı layihələri vasitəsilə daha çox konkretliyə keçir. Ən əsası isə bu əməkdaşlıq təkcə iqtisadi maraqların deyil, geosiyasi stabilliyin də təminatına çevrilməkdədir. İkitərəfli münasibətlər sadəcə enerji və kapital deyil, həm də strateji baxışlar və ortaq vizyon üzərində qurulub. Bu isə regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalılıq modelinin əsas təməl daşlarından biri sayılır.
Azərbaycan artıq təkcə təbii resurs ölkəsi deyil. O, investisiyanın məqsədli şəkildə yönləndiyi, əməkdaşlıq üçün strateji cazibə daşıyan mərkəzdir. BƏƏ ilə formalaşan iqtisadi körpü isə bu mövqeyin daha da möhkəmləndiyini göstərir. Gələcək bu körpüdən çoxsaylı investisiya və texnoloji transferlərin keçəcəyini, Azərbaycanın regionda həm iqtisadi, həm də enerji baxımından dayanıqlı lider statusunu daha da gücləndirəcəyini vəd edir.
MTM Analitik Qrupu