29 may

Zəngəzur uğrunda səssiz savaş: Ermənistanın yeni böhranı - MƏQALƏ

Ermənistanın böyük güclərin qarşıdurma nöqtəsinə çevriləcəyi ilə bağlı proqnozlar artıq real mənzərəyə çevrilir. Ölkədə hərbi, siyasi, iqtisadi və diplomatik sahələrdə xarici təsir sürətlə artır. Ənənəvi geosiyasi çəkisi olmayan bu ölkə indi müxtəlif güclərin maraq toqquşmasının episentrinə çevrilir. Və görünür, bu prosesin ən çox zərər çəkəni də məhz Ermənistanın özü olacaq.

Siyasi parçalanma dərinləşir. Ölkə daxilində Rusiya ilə əməkdaşlığı müdafiə edənlər və Qərblə inteqrasiya istəyənlər arasında gərginlik pik həddədir. Qərbə yaxın dairələrin dəstəklədiyi Paşinyan hakimiyyəti isə indi arxasında dayandığı düşərgənin belə onu qurban verməyə hazır olduğu təhlükəsi ilə üz-üzədir. “Hraparak” qəzetinin yazdıqlarına əsasən, Qərbin gözündə Armen Qriqoryan artıq Paşinyana alternativ lider kimi görünür. Bu isə daxili siyasi mühitdə yeni qarşıdurmanın, hətta partiya parçalanmasının siqnalıdır.

Digər tərəfdən, Rusiyapərəst qüvvələr də Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi düşərgələr Moskvadan umduqları dəstəyi ala bilmədikləri üçün narazıdır. Onlar da anlayırlar ki, Moskva Paşinyanla razılığa gəlsə, onları asanlıqla arxa plana ata bilər. Ermənistan siyasi elitasının xarici dəstək axtarışına çıxması ölkənin daxili siyasi sabitliyini tam şəkildə zəiflədib və onu xarici manipulyasiyalara açıq vəziyyətə gətirib.

Ən ciddi gərginlik ocaqlarından biri Qərbi Zəngəzur bölgəsində formalaşır. Burada bir-birinin ardınca konsulluqlar açmaq istəyən Qərb ölkələrinin məqsədi heç də sadə vətəndaş xidmətləri deyil. Fransanın Gorusda konsulluq açmaq niyyəti açıq şəkildə göstərir ki, məsələ diplomatik fəaliyyətdən daha çox, bölgədəki siyasi və hərbi vəziyyəti nəzarətdə saxlamaq istəyidir. Bunu Fransanın “Mərkəzləşdirilməmiş əməkdaşlıq” adı altında keçirəcəyi konfransla birgə analiz etdikdə məqsədin simvolik deyil, strateji olduğu aydın görünür.

KTMT-nin son iclasında Rusiya müdafiə naziri Andrey Belousovun səsləndirdiyi fikirlər bu kontekstdə diqqətəlayiqdir. Belousov açıq şəkildə qeyd edir ki, Cənubi Qafqazda qeyri-regional aktorların fəallığı təhlükəsizliyi möhkəmləndirmək deyil, təsir dairəsini genişləndirmək məqsədi daşıyır. Bu isə Rusiya üçün olduğu qədər İran üçün də narahatedicidir. Zəngəzur dəhlizinin gələcəyi, bu dəhlizə Rusiya nəzarətinin təmin olunması məsələsi indi bir çox ölkənin siyasi və hərbi planlarının mərkəzinə çevrilib.

Əgər bu geosiyasi proseslər nəzarətsiz qalarsa, Ermənistan növbəti dəfə böyük güclərin birbaşa toqquşduğu məkan ola bilər. Və belə bir ssenaridə ən böyük zərəri Ermənistanın özü görəcək. Amma məsələ bununla bitmir. Ermənistan üzərindən oynanılan oyunlar ümumi Cənubi Qafqazın təhlükəsizliyi üçün də real təhdidə çevrilməkdədir. Azərbaycan bu risklərin fərqindədir və bölgədə bu kimi destabilizasiya planlarının qarşısını almaq üçün siyasi və diplomatik manevrlərini davam etdirir.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?