Amerikanın “səsi” kəsilir: daha 800 nəfər işsiz qalır

ABŞ-nin dövlət maliyyəsi ilə fəaliyyət göstərən media qurumu “Amerikanın Səsi” (Voice of America) son nəfəsini verməyə hazırlaşır.
Təhlil.az xəbər verir ki, bu həftə media qurumunda çalışan sonuncu əməkdaşlara ixtisar bildirişləri təqdim olunacaq. Beləliklə, ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən başlanan və bir neçə federal agentliyi əhatə edən ixtisar dalğası nəticəsində “Amerikanın səsi” tamamilə fəaliyyətini dayandıracaq.
Məlumatlara əsasən, artıq may ayının əvvəlində 600 nəfərdən çox əməkdaş işdən azad edilib. Yeni mərhələdə isə daha 800 nəfərin ixtisara düşəcəyi gözlənilir ki, bu da qurumun demək olar ki, bütün heyətinin işdən çıxarılması deməkdir.
Xatırladaq ki, prezident Trampın mart ayında imzaladığı sərəncamla yeddi federal agentlikdə genişmiqyaslı ixtisarlar başlamışdı. Hədəfdə olanlardan biri “Amerikanın səsi” idi. Media qurumunun rəhbərliyi bu qərara qarşı məhkəməyə müraciət etsə də, məhkəmə Tramp administrasiyasının qərarlarına müdaxilə etmədi.
Digər məlumatlara görə, artıq “Amerikanın səsi”nin Vaşinqtondakı qərargah binasının satışı da planlaşdırılır. Bu da o deməkdir ki, uzun illər ABŞ-nin informasiya diplomatiyasının simvolu olmuş media qurumunun fəaliyyəti rəsmi şəkildə sona çatır.